"Hər iki komanda mübarizə apardı. Hər iki komanda qalib gələ bilərdi. Çempionatda ən çox qol epizodu yaradan komandayıq. Düşünürəm ki, şans "Zirə"nin tərəfində oldu".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqanın 13-cü turunun "Zirə" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bir neçə real qol epizodunu əldən verdiniz...
- Qol çatmadı. Oyunu dəyişmək üçün qol vurmalısan. Çempionatın ən çox hücumda olub, ən az qol vuran komandasıyıq. Bu özü bizə siqnal verir ki, çoxsaylı epizodlara giririk, amma reallaşdırmaqda çətinlik çəkirik. Sonuncu yerdəyik. Danışmaq yox, işləmək lazımdır ki, nəyisə dəyişə bilək. Komandamdan razıyam. Amma hakimlik bərbad idi, hər epizodda futbolu çirkinləşdirməyə çalışırdı.
- Bu mövsüm 9-cu məğlubiyyətiniz oldu. Uğursuzluq zolağından çıxmaq üçün nə edəcəksiz?
- Qol vurmaq, qələbə qazanmaq lazımdır. Neçə turdur qol vurmuruqsa, qalib gəlmək mümkün deyil. Analiz edirik ki, nəyə görə həmin epizodlar qolla nəticələnmir. Bu gün bərabər səviyyəli oyun getdi.
- Bir mövsüm kuboku qazanıb, digərində liqanı tərk etməyi seçərdiz, yoxsa necə?
- Mən performansımızı mövsümlərə bölmürəm. Çünki ötən mövsüm başqa komandamız var idi. Qarşımıza qoyulan hədəflərə çatdıq. İndi isə yeni komandamız var, sonuncuyuq. Daha çox çalışıb sonuncu pillədən qurtulmaq lazımdır.
- Son 15 dəqiqədə komandanız aqressiv görünürdü. Qalan dəqiqələrdə niyə həmin aqressivlik yox idi?
- Səbəbini indi deyəcəm sizə. İkili mübarizə gedir və birinci epizodda hakim oyunçumuza sarı vərəqə göstərir. Dördüncü hakim çağırır ki, "Zirə"nin oyunçusuna da sarı vərəqə göstər, baş hakim bunu etmir. Futbol elədir ki, ya mübarizəyə imkan verməlisən. Elçin Məsiyev bu gün göstərirdi ki, bir komandanı qoruyuram, digərini necə istəyirəm əzirəm. Futbolçular da sonda istəklərini göstərməyə başladı.
- Bəxtiniz gətirmədi, yoxsa hakimlərin səhvinə görə uduzduz?
- Nəinki özümüzə, heç bir komandaya qarşı belə hakimlik arzulamaram. Hamı məni təmkinli adam kimi tanıyır. Ancaq Elçin Məsiyevin verdiyi qərarlar məni belə qıcıqlandırırdı.