"Ağır oyun olacağını bilirdik. Oyunun dinamikasından razı qalmadım. Komandam istədiyim tempi göstərə bilmədi".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 12-ci turunun "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
Mütəxəssis evdə 0:2 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Neftçi" elə "Neftçi"dir. Dinamikasız oyunun şahidi olduq. Rəqib əlinə düşən fürsətlərdən maksimum yararlandı. Çox danışmaq istəmirəm. Danışmaqla nəsə düzəlməyəcək. Uçurumun dibindəyik".
O, heyətlə bağlı çərinliklərinin olduğunu bildirib: "Stress hərdən məsuliyyət gətirir. Nəticəyə görə stress yoxdur. Emil Səfərovla Ahmed Ayzayanın zədələnməsi bizi rotasiyalara məcbur edir. Ayyub Allaşı dayaq yarımmüdafiəçisi mövqeyində oynadırıq. Heyətlə bağlı sıxıntımız var. Hücumda aktivliyi artırsaq, nəticələr gələcək".
Baş məşqçi Osama Xalayla və Ayyub Allaşı əvəzləməyinin səbəbini açıqlatıb: "Əvəzetməni nəyəsə ümid edib reallaşdırırsan. Xalaylanın hərarəti var idi. Əslində bu gün oynamalı deyildi. Matçın sonunda aktivliyi aşağı düşmüşdü. Allaşa gəlincə, hücumu gücləndirmək üçün dəyişdik".
E.Baxşıyev komandasında yalnız qol vurmaq çatışmazlığının olduğunu qeyd edib: "Futbolçularda güc, birlik var, möhkəm kollektivik. Oyunlar da göstərir ki, meydanda aciz deyilik. Sadəcə qollar vura bilmirik. Ümidsiz deyilik. Komanda şəklində toparlanıb daha samballı nəticələr əldə edəcəyik".
Baş məşqçi "Şansınız olsaydı, futbolçu transfer edərdiniz?" sualını belə cabalandırıb: "Əlbəttə. Son yerlərdə gediriksə, nələrsə ideal deyil. Axsayan yerlərimiz var, bunu görürük. Amma hər şey bizim istəyimizlə deyil. Mənim istəyimlə olsaydı, ötən ilki komanda dağılmazdı".