"Bizim üçün yaxşı oyun və nəticə oldu. Futbolçuların performansından razı qaldım. Onları təbrik edirəm".
Offsieplus.az xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 10-cu turunda səfərdə "Səbail"i 4:2 hesabı ilə məğlub etdikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis komandanın kapitanı Emin Mahmudovun cəzalı duruma düşməsi səbəbindən "Səbail"lə görüşü buraxması haqda danışıb. O, E.Mahmudovun komandadakı rolunun əhəmiyyətli olduğunu, lakin bu gün də "Neftçi"nin hücumda yaxşı çıxış etdiyini söyləyib: "4 qol vurduq. Amma daha çox şanslarımız var idi. Eminin komandadakı rolunu çox yüksək qiymətləndirirəm. Bu gün Filip Ozobiç o mövqedə oynadı. Düşünürəm ki, heç də pis çıxış etmədi".
A. Mutu oyunda "Neftçi"nin hücumçularının fərqlənməməsi haqda deyib: "Rəhmanın qol vurmağına görə sevinirəm. Aaron Olanarenin oyununu da dəyərləndirərdim. Komanda üçün döyüşürdü. Oyundan-oyuna fiziki durumu yaxşılaşır. Şinyaşiki sonradan oyuna qoşulub qol ötürməsi etdi. Bu gün hücum oyunçuları öz işlərini gördülər".
A.Mutu "Hesab 2:2 olarkən narazı görünürdünüz. Hesabdan narazı idiniz, yoxsu futbolçuların performansından" fikrinə belə münasibət bildirib: "Bəlkə də epizodik olaraq elə görmüsünüz. Narazı deyildim. İkinci hissədə mövqelərimizi tutmuşduq. Demək olar ki, rəqib qapımızdan heç bir təhlükəli epizod yarada bilmədi. Məni ən çox sevindirən futbolçuların xarakter göstərərək geridönüş etməsidir".