“Bizim üçün çətin qarşılaşma oldu. Güclü rəqibə qarşı oynayırdıq”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 9-cu turunda “Qarabağ”a qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Komandasının 0:2 hesablı məğlubiyyətini şərh edən rumıniyalı mütəxəssis “Qarabağ”ın futbolçularının yüksək keyfiyyətini qabardıb: “Oyunçularım meydanda əllərindən gələni etdilər. Nə qədər yaxşı təşkil olunmağımıza baxmayaraq, rəqibdə fərdi olaraq keyfiyyətli oyunçular varsa, çətin alınır. "Qarabağ" və çempionatdakı digər rəqibləri müqayisə edəndə, səviyyə fərqi aşkardır. Onlar avrokubokların qruplarına vəsiqə qazanmaqla bunu sübut edirlər. İki heyətləri var”.
O, "Qarabağ"ın qapısı qarşısında ciddi təhlükə yarada bilməmələri fikri ilə razılaşmayıb: “Xeyr, bununla razılaşmıram. Deyirsiz, “Qarabağ” daha yorğun idi, amma unutmayaq ki, rəqibin iki heyəti var. "Qarabağ"ın üstünlüyü ondandır ki, aşağı-yuxarı eyni səviyyəyə malik iki heyətə malikdirlər. Juninyo və Lunyov 90 dəqiqə oynamışdı, digərləri dəyişilmişdi. Bu gün start heyətində oynayanların səviyyəsi də "Hekken"lə matçda oynayanların səviyyəsi ilə yaxındır. Düşünürəm ki, ilk hissənin sonlarına yaxın təhlükəli epizodlar yaratdıq. Bir də iki qol arasında təhlükəli epizodlar yaradırdıq. Göründüyü kimi, "Qarabağ" əks-hücumlarda daha təhlükəli idi”.
“Qəbələ toplanışına getməmişdən qabaq demişdiz ki, “hər şey yaxşı olacaq”. Azarkeşlər də məşqçi işinin olmamasından narazıdır. İndi sizin bəhanəniz nə olacaq?” sualını Mutu belə cavablandırıb: “Siz dediyiniz sual daha çox şəxsi fikrinizə oxşayır. Sual verin, şəxsi fikrinizi deməyin. Mən bura gəldikdən sonra "Neftçi" ətrafında yalnız tənqid və neqativlik görürəm. Bəli, "Neftçi" komanda olaraq “Kəpəz" və "Araz-Naxçıvan"ı udmalı idi. Amma ümumi siz verdiyiniz sual şəxsi fikrinizdir”.
O, “Neftçi”də möhkəm fundament qurulmalı olduğunu söyləyib: "Neftçi"yə gələndə, uzunmüddətli layihə olacağı vurğulanmışdı. Ona görə gəldim bura. Əvvəlki illərdəki çıxışa fikir versəz, 2020-2021-dəki çempionluğu kənara qoysaq, son 10 ildə “Neftçi”də hər zaman eyni ssenari olub. Biz bərk fundament qurmalıyıq. Ondan sonra qalan şeyləri gözləyə bilərik. Bəzən biz bir addım arxaya atmalıyıq ki, görək nəyi yaxşı etməliyik. Bu oyunla nəyisə sübut etmək düzgün olmaz, mövsüm hələ irəlidədir. Mən də bu nəticəyə görə üzülürəm. Azarkeşlər də üzgündür. Mövsüm hələ irəlidədir, irəliyə baxmalıyıq, daha yaxşı çalışmalıyıq. İstədiyimiz komandanı emosiyalar yox, əzmkar iş üzərində qurmaqdır. "Qarabağ" uzunmüddətli layihənin nəticəsidir, bu komanda qısa müddətə qurulmayıb”.
A.Mutu zamana ehtiyac duyduqlarını vurğulayıb: “Mən özümü Qurban Qurbanovla müqayisə etmək istəmirəm. Çünki o, 9-10 titul qazanıb. Qurbanov "Qarabağ"dakı ilk 5 ildə cəmi bir kubok qazanıb. Ondan sonra titullar, qələbələr əldə edib. Hazırda Qurban Qurbanovu dayandırmaq çox çətindir. "Neftçi" də belə layihəni haqq edir. İstər mənimlə, istərsə də başqa məşqçi ilə”.
Mütəxəssis “Forza Neftçi”nin arenanı matçın əvvəlində tərk etməsini belə şərh edib: “Yaxşı olardı ki, fanatlar hər zaman komandanın yanında olsunlar. Bu cür vacib matçlarda azarkeş dəstəyi lazımdır. Onların stadionu matçın əvvəlində tərk etmələrinin səbəbini bilmirəm”.
Mutu “Neftçi”ni yüksək səviyyəyə qaldırmaq üçün nə qədər zamana ehtiyac olması barədə suala konkret cavab verməyib: “Bilmirəm. Qurban Qurbanova 2008-ci ildə bu sualı versəydiniz, deyərdi mənə 5 il lazımdır. "Neftçi" asan klub deyil. Bura gələndən təzyiqi hiss edirəm üzərimdə, amma bu təzyiqin öhdəsindən gələ bilirəm. Vacib olan amil odur ki, futbolçular özünəinamı itirməsinlər. “Qarabağ”ın çox güclü, keyfiyyətli oyunçuları var. Fərq özünü göstərir. "Qarabağ"ı səviyyəcə "Beşiktaş"la müqayisə edərəm. Rəqibdə oyunçular keyfiyyətlidirsə, sənə çətin olur. Futbol 11-11-ədir, lakin rəqib oyunçular birə-birdə daha keyfiyyətlidirsə, onlara qarşı oynamaq daha çətindir. Mövsüm irəlidədir, davam etmək lazımdır. Bir gün gələcək, bəlkə qələbə qazanıb çempion olacağıq”.