Misli Premyer Liqasının 9-cu turunun "Sumqayıt" - "Kəpəz" oyunundan (1:0) sonra meydan sahibi komandanın məşqçisi Mübariz Orucov jurnalistlərin suallarını cavablandırdı.
Offsideplus.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...
- Gözəl oyun olduğunu deməzdim, amma maraqlı alındı. Hər iki komanda qələbə istəyirdi. Şükürlər oldun, bizə qismət oldu. Əlimizdən gələni etdik, azarkeşlərimizə təşəkkür edirik, bizi yaxşı dəstək oldular. Bu qələbəyə layiq idilər.
- İki fərqli hissə oldu. İlk hissədə sönük, ikincidə daha aktiv komanda gördük. Fasilədə nə dəyişdi?
- Razıyam, ilk hissədə iki komanda da sönük oynadı. Futbolçularla söhbət etdik, onlar da nəyin hesabına olur, qələbə qazanmaq istədiklərini dedilər.
- İlk hissəyə meydançanın təsiri oldu?
- Bəhanəyə ehtiyac yoxdur. Meydança amili çox təsir etmədi, lakin külək amilini qeyd etmək olar. Eyni zamanda komandalar da risk etmək istəmirdi.
- Orxan Sadıqlının startda olması nə ilə bağlıdır?
- Ona şans verməyi düşünürdük. Oyundan 2-3 gün əvvəl Mehdi Cənnətovun yüngül zədəsi oldu, ona görə bu gün Orxan meydana çıxdı və ümidləri doğrultdu.
- Kasimir Ninqa tam hazırdır? Ona startda olmasına nə mane olur?
- Bəzi futbolçular uyğunlaşma dövrünü tez keçirir bəziləri gec. Ninqa da hələ bu proses davam edir. Pis oynamadı, lakin uyğunlaşması sürətli getmir. Keyfiyyətlərini hələ göstərə bilmir. Gəldiyi ölkədən, çempionatdan da asılıdır.
- Rövlan Muradovun cinah müdafiəçisi mövqeyində oynamağı sizi qane edir?
- Bəli, mövsüm uzundur, rotasiyalar olacaq. O, elə futbolçudur ki, üzərinə düşəni edir.