"Neftçi" klubu Misli Premyer Liqasının 3-cü turunda səfərdə "Sabah"la 1:1 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu jurnalistlərin suallarını cavablandırıb:
- Ağır və çətin oyun oldu. Xarakter göstərməyi bacardıq. Futbolçularımı təbrik edirəm. Meydanda sona kimi vuruşdular. Qələbə qazanmağa çalışdıq. Təəssüf ki, alınmadı. Vacib olan komandanın qələbə üçün sona qədər mübarizə aparmasıdır.
- Planınız ilk hissədə oyunu müdafiədən qurmaq idi?
- Təxminən belə idi.
- Rza Cəfərovun performansı sizi qane etdi?
- Bəli. Çətin oyun idi. Onu oynatmaq riskli görünürdü. Amma Rza bu gün göstərdi ki, gələcəkdə Azərbaycanın bir nömrəli qapıçılarından biri ola bilər.
- Qara Qarayevin gərgin olmasının səbəbi nə idi?
- Gərgin olduğunu deməzdim. Qara oyuna köklənmişdi. Yavaş-yavaş öz istədiyi formaya çatır. Bu gün "Neftçi"də ən yaxşı oyununu oynadı. Onun bizə çox köməyi dəyəcək.