“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının ikinci turunun “Kəpəz”lə oyunundan sonra (1:0) mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, o, qarşılaşmanın gərgin keçdiyini diqqətə çatdırıb:
“Gərgin oyun oldu. Belə oyunlara alışmışıq. Rəqib çox yaxşı müdafiə olundu. Hər şey istədiyimiz kimi gedirdi. Səbirli oynadıq. Qol epizodunu yaxaladıq. Hesab arasındakı fərqi daha da artırmaq lazım idi, amma alınmadı. İlk ev oyunumuzda qələbə qazandıq. “Kəpəz”ə qarşı bütün rəqiblər çətinlik yaşayır. Çox şükür ki, futbolçularım səbirli oldu və vacib 3 xal qazandıq.
Çox təəssüf ki, biz səfərə gedəndə Rüstəm zədələndi. Son yoldaşlıq görüşündə 60 dəqiqə oynadı. Seçimimiz yoxdur deyə o, meydançada olmalı idi. Ehtimal edirdik ki, oyunu heç istədiyimiz kimi alınmayacaq. Böyük potensialı var. Zədələnməsə, 2-3 ay içində öz formasını bərpa edə biləcək.
Həm “Qarabağ”, həm də “Kəpəz” müdafiədə çox yaxşı oynayırlar. Müdafiəçilərin hücumlara qoşulması ilə bağlı işlər görürdük. “Kəpəz”ə çox yaxşı qol vurduq. Könül istər ki, hücumçularımız qol vursun və motivasiyalı olsunlar.
Növbəti tura lider yollanmağımızla bağlı futbolçularım eyforiyaya qapıla bilməz. Hazırda turnir cədvəli ilə bağlı danışmağa dəyməz. Vacib 6 xal qazanmışıq.
Avrokuboklarda çıxış edən rəqiblərimiz 2-3 gündən bir oynayırlar. İstərdik ki, onların hamısı qrup mərhələsinə qədər irəliləsinlər. “Neftçi”yə çətin rəqib düşüb. Onlar bizi yalnız sevindirə bilərlər. Biz yalnız öz oyunumuzu düşünürük”.