Növbəti mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan”ın Qəbələ toplanışını başa vurduğu barədə xəbər verimişdik.
Offsideplus.az xəbər verir ki, klubun rəsmi saytına açıqlamasında toplanışı dəyərləndirən komandanın baş məşqçisi Azər Bağırov bunları deyib:
“Qəbələ toplanışı məşqçilər üçün bəzi məqamlara aydınlıq gətirmək baxımından faydalıydı. Yeni dəvət etdiyimiz legionerlərin fiziki, taktiki və mental olaraq uyğunlaşması baxımından diqqətçəkən amillər oldu. Komplektləşmə baxımından işlər davam edir, komandaya qarşıdakı günlərdə yeni futbolçular qoşulacaq. İşimiz çoxdur və çətindir. Mövsümün startına çox az vaxt qalıb. Oyunlar zamanı istifadə edəcəyimiz taktiki gedişlərin futbolçular tərəfindən mənimsənilməsi lazımdır. Düzdür, ilk 1-2 həftə çətin olacaq, amma tədricən öhdəsindən gələcəyik.
Qəbələ toplanışını ikitərəfli oyunla yekunlaşdırdıq. Futbolçular onlardan nə istədiyimizi meydanda praktiki olaraq göstərməyə çalışdılar. Bəzi məqamlarda istəyimizə çatdıq, elə epizodlar oldu ki, narazı qaldıq. Xətlərarası əlaqədə çatışmazlıqlar var, ona görə də qarşıdakı günlərdə bunun üzərində işləyəcəyik.
Mövsümə 60-70 faiz hazırıq. Buraxılmış günləri mütləq kompensasiya etməliyik. Bir sözlə, işimiz çoxdur”.