"Neftçi" klubu bu gün yeni baş məşqçisi Adrian Mutu ilə rəsmi müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, müqavilə imzalanandan öncə “ağ-qaralar”ın prezidenti Kamran Quliyevin görüşdə iştirak etməməsi diqqət çəkib. Bu isə klub rəsmisinin vəzifəsindən azad olunduğu ilə bağlı iddiaları gücləndirib. Belə ki, rumıniyalı mütəxəssislə görüşdə "Neftçi” klubunun Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf iştirak edib.
Məsələ ilə əlaqədar olaraq "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev ilə əlaqə saxladıq. Klub sözçüsü K.Quliyevin görüşdə iştirak etməməsinin səbəbi və "Neftçi"dəki gələcəyi ilə bağlı saytımıza açıqlama verdi.
"Kamran Quliyev hazırda Sankt-Peterburq şəhərindədir. Buna görə də görüşdə iştirak etməyib. İştirak etməməsi ilə bağlı başqa bir səbəb yoxdur. Rəsmi olaraq hələ də klub prezidentidir və komandanın yanındadır", - R.Allahverdiyev qeyd edib.
Günay Xəlil