"Üç ildir eyni komandada - "Şaveş"də oynayırdım. Orada da hər şey ürəyimcə idi, özümü rahat hiss edirdim. Daha sonra "Qarabağ"dan təklif gəldi və bu, mənim diqqətimi çəkdi. Nəinki mənim, hətta ailəm üçün də maraqlı oldu. Ona görə də qərar verməkdə tərəddüd etmədim və təklifi düşünmədən qəbul etdim".
Offsideplus.az xəbər verir ki, bunu "Qarabağ" klubunun yeni transferi Juninyo Ağdam təmsilçisinin “Youtube” kanalına müsahibəsində Ağdam təmsilçisinə keçidi barədə danışarkən deyib.
Braziliyalı futbolçu bildirib ki, uyğunlaşma prosesi çox rahat və yaxşı keçir: "Komandada braziliyalı futbolçuların olması bu prosesi asanlaşdırır və sürətləndirir. Yoldaşlarım, məşqçilər heyəti və digər işçilər mənə çox yaxşı münasibət göstərirlər. Adaptasiya gözlədiyimdən də yaxşıdır".
İlk dəfə Çempionlar Liqasında iştirak edəcək 27 yaşlı vingerin sözlərinə görə, "köhlən atlar" onun uşaqlıq arzusunu həyata keçirəcək: "Çalışacağam ki, həmin oyunlar üçün mümkün qədər hazır olum. Komanda, məşqçilər heyəti və azarkeşlərin məndən gözləntisi çoxdur. Oyunların başlamağını gözləyirəm".
O, "Qarabağ"dakı hədəflərini də açıqlayıb: "Həm klubun, həm də mənim qarşıma qoyulan müəyyən məqsədlər var. Məhz bu istəklərimi germəkləşdirmək üçün buradayam. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam".
Juninyo Azərbaycan futbolu barədə məlumatsız olduğunu söyləsə də, Ağdam klubunu yaxşı tanıdığını vurğulayıb: "Kadi Borgeslə çoxdan tanışam. Mənim qonşum olub. Ailələrimiz arasında da yaxşı münasibət var. Kadi "Qarabağ"a keçəndə onun adına çox sevindim və bu komandanı izləməyə başladım. Daha sonra digər tanışım Julio Romao da buraya gəldi. Fikirləşirdim ki, bir gün belə təklif gələrsə, niyə də dəyərləndirməyim. Bu imkan yarandı, mən də sevə-sevə razılaşdım".
"Sambaçı" sonda azarkeşlərə səslənib: "Juninyo klub, komanda yoldaşları və azarkeşlər üçün hər zaman əlindən gələni edəcək".
Xatırladaq ki, "Qarabağ" Juninyo ilə 3 illik müqavilə imzalayıb.