Laurentsiu Regekampfla yolları ayıran "Neftçi"də baş məşqçi postuna hələ də təyinat olmayıb.
Bugünlərdə tanınmış türkiyəli mütəxəssis Sərgən Yalçınla Bakıda görüş baş tutsa da, çalışdırıcı "ağ-qaralar"la razılığa gələ bilməyərək, ölkəsinə yollanıb.
Onun ardınca isə daha bir türkiyəli mütəxəssis - Hikmət Karamanın da adı paytaxt təmsilçisiylə hallanır. 63 yaşlı baş məşqçi "Neftçi"dən təklif aldığını da təsdiqləyib. Fəqət onun da Premyer Liqa təmsilçisinin "sükanı arxasına" keçib-keçməyəcəyi bəlli deyil.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, "Neftçi"nin baş məşqçi postuna daha bir namizəd var. Ki, o da türkiyəli mütəxəssisdir. Belə ki, son olaraq "Sivasspor"u çalışdıran Rıza Çalımbay da "ağ-qaralar"a təyinat ala bilər.
60 yaşlı çalışdırıcı az məvacib qarşılığında da Bakı təmsilçisində işləməyə razıdır.
Bildirək ki, Rıza Çalımbay baş məşqçi karyerası ərzində "Beşiktaş", "Ankasaspor", "Əskişəhərspor" və "Kasımpaşa" kimi klubları çalışdırıb.
Offsideplus.az