AFFA Region Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Şəki Siti" - "Xəzər Lənkəran 42" oyunu (3:1) ətrafındakı "lipa" məsələsi hələ də çözülməmiş qalır.

 Aprelin 30-da baş tutan matçda Lənkəran təmsilçisinin meydana peşəkar statuslu iki futbolçu buraxması şəkililərin narazılığına səbəb olub.

Belə ki, cənublular Şəkidəki görüşdə peşəkar status daşıyan Elvin Mirzəyevlə İlyas Səfərzadənin xidmətindən istifadə edib.

Ötən mövsüm "Xan Lənkəran"ın formasını geyinən bu oyunçular 2022-ci ilin yanvarında Tacikistana yollanıb və əsas liqada çıxış edən "Fayzkand"ın formasını geyinib. Region Liqasının əsasnaməsinə görə, bu, qadağandır və "Xəzər Lənkəran 42"yə texniki məğlubiyyət verilməlidir. Fəqət matçın üzərindən 2 həftəyə yaxın vaxt keçib və AFFA hələ də lazımi addım atmayıb. 

Əksinə, federasiya "ağ-yaşıllar"a vaxt tanıyıb. Mayın 7-də keçirilməsi planlaşdırılan cavab qarşılaşması lənkəranlıların bir neçə futbolçusunun milli komanda ilə Türkiyədə təlim-məşq toplanışında olması səbəbilə ləğv olunub. Cütün taleyini həll edəcək qarşılaşmanın keçirilmə tarixi isə hələ də bəlli deyil.

Bu isə "Şəki Siti" cəbhəsində əməlli-başlı narazılıq yaradıb. Şəkililər onların lehinə verilməli olan qərarın yubanmasından narahatdır. Klubun prezidenti Elgün Hüseynov məsələ ilə bağlı AFFA-nın baş katibi Sərxan Hacıyevə məktub ünvanlayıb. Lakin Hüseynova geridönüş edilməyib.

 Offsideplus.az