Ötən həftə AFFA Region Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirildi.

 "Şəki Siti" klubu doğma divarlar arasında "Xəzər Lənkəran 42"ni 3:1 hesabı ilə məğlub etdi. Fəqət qarşılaşmadan sonra görüş ətrafında yaranan qalmaqal yerli mətbuatda gündəm oldu. Sən demə, cənublular Şəki təmsilçisi ilə oyuna iki "lipa" buraxıb. Bu, sənədlərlə də sübut olunub.

 Region Liqasının əsasnaməsinə görə, çempionatda peşəkar statuslu futbolçular çıxış edə bilməz. Lakin cənublular Şəkidəki görüşdə peşəkar status daşıyan Elvin Mirzəyevlə İlyas Səfərzadənin xidmətindən istifadə edib.

Ötən mövsüm "Xan Lənkəran"ın formasını geyinən bu oyunçular 2022-ci ilin yanvarında Tacikistana yollanıb və əsas liqada çıxış edən "Fayzkand"ın formasını geyinib.

Qaydalara görə, federasiya buna görə Lənkəran təmsilçisinə texniki məğlubiyyət verməlidir.

Bu mövzu ilə bağlı yeni məlumat əldə etmişik. Offsideplus.az-a daxil olan informasiyaya görə, AFFA cavab matçını təxirə salıb. Belə ki, iki gün sonra Lənkəranda keçirilməsi planlaşdırılan qarşılaşmanın vaxtı qeyri-müəyyən müddətə ertələnib. Buna səbəb isə cənub təmsilçisinin 3 oyunçusunun milli komanda ilə Türkiyədə təlim-məşq toplanışında olmasıdır. Federasiya buna görə "Xəzər Lənkəran 42"yə vaxt tanımağı lüzum görüb. Halbuki lənkəranlılara Şəkidəki matçda qaydaları pozduğuna görə AFFA tərəfindən texniki məğlubiyyət veriləcəyi gözlənilirdi.

Lakin ölkənin bir nömrəli futbol qurumu bunu reallaşdırmaq əvəzinə fərqli qərar verib.

Mövzunu davam etdirəcəyik.

"Xəzər Lənkəran 42"nin "Şəki Siti" ilə oyunda meydana iki "lipa" daxil etməsi ilə bağlı xəbəri "Sportinfo.az" saytı yayıb.

Offsideplus.az