Azərbaycan Kubokunun yarımfinalı üzrə aprelin 26-da "Neftçi" "Turan Tovuz"la cavab oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, ilk oyunda 0:1 hesabı ilə uduzan "Neftçi" doğma meydanda Ayxan Abbasovun komandasını sınağa çəkəcək. Tovuz təmsilçisinin kapitanı Şəhriyar Əliyev rəqib meydanında oynayacaqları matç və hazırlıq prosesində komandada olan ab-hava barədə saytımıza açıqlama verib:
"Şükürlər olsun, hazırlıq yaxşı səviyyədə gedir. Rəqibi analiz edirik və onlara qarşı necə oynamaq lazımdırsa, ona uyğun hazırlaşırıq. Komandada atmosfer yaxşıdır. Zədəli oyunçularımız var, lakin ab-havanın yaxşı olduğunu deyərdim. Bizi ağır oyun gözləyir, hər kəs bunu dərk edir. Rəqib də mərhələni keçmək istəyir. Çünki "Neftçi" çempionluqdan aralı düşüb və kubok uğrunda mübarizə aparacaqlar. İnşallah, biz də yaxşı mübarizə aparıb, nəsib olsa, finalda oynamaq istəyirik. Oyunda baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirməyə çalışacağıq".
Qeyd edək ki, "Neftçi" - "Turan Tovuz" qarşılaşması saat 20:00-da “Bakcell Arena”da baş tutacaq.
Günay Xəlil