"Sumqayıt" klubu Misli Premyer Liqasının 31-ci turunda doğma meydanda "Qəbələ"yə 2:3 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında "kimyaçılar"ın baş məşqçisi Samir Abasov açıqlama verib:
"Deyəcəyim sözlər tam səmimidir, emosiyalara görə deyil. Oyundan sonra otağıma gedib sakitləşdim. Matçdan sonra paltardəyişmə otağında futbolçularımdan üzr istədim. Onlara dedim ki, heç bir günahınız yoxdur, bu oyunu baş məşqçi olaraq mən uduzdum. Bu, şəxsi fikrimdir. Çünki, etdiyim dəyişikliklər oyunumuzu məhv elədi. Bunun da günahkarı bilavasitə mənəm. Bura gələn azarkeşlərdən də üzr istəyirəm. Son dəqiqələrdə Rüfət qolu vursaydı, Vüsal ötürmə versəydi, bəlkə də bu sözləri deməzdim. Amma yenə düşüncəmdə qalacaqdım ki, dəyişiklikləri düz etmədim. Oyunun gedişatında da fikirləşirdim ki, mən neynədim, niyə bu oyunçunu buraxdım? İnşallah Premyer Liqada qalarıq. Biz də insanıq, biz də səhv edə bilərik. Bizim bu il edə biləcəyimiz tək şey qışdan sonra çətin vəziyyətdən çıxmaqdır. Ümid edirəm ki, bu məğlubiyyət bizə çox mənfi təsir etməz. Turnir cədvəlində nisbətən üst sıralarda görünsək də, bu, bizi rahat etmir. Bilirik ki, vəziyyətimiz yaxşı deyil. Bacardığımızı edəcəyik. Bizi qarşıda çox çətin səfər gözləyir. Görək başımıza nələr gələcək".