"Sumqayıt" klubu Misli Premyer Liqasının 30-cu turunda səfərdə "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "kimyaçılar"ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:
- İlk dəqiqələrdən gərginlik hiss olunurdu. Hər iki komanda səhv etməkdən qorxurdu. Bu gün itirilən xal fəlakətə bərabər ola bilərdi. Şamaxı çox çətin səfərdir. Bizdən qat-qat yaxşı komandaların burada nə problemlər yaşadığını görmüsüz. Meydança, hava amili təsir edir. Bəzi məqamlarda üstünlüyü ələ keçimişdik. Daha qətiyyətli olsaydıq, 3 xalla dönə bilərdik. Amma buna heyfslənmirik, Çempionat davam edir.
- İkinci hissədə daha çox hücum etdiniz. Bu, "Şamaxı"nın yorulması ilə bağlı idi?
- Yox. İlk hisssə rəqib qapanmışdı. Top onlarda olanda biz də o vəziyyətdə olurduq. İkinci hissədə "Şamaxı" da irəliyə atıldı. Ona görə daha çox hücumlar edə bildik. Oyun davam etdikcə futbolçular açılışır. Təssüf ki, son nöqtəni qoya bilmədik.
- İlnur Valievi artıq birinci qapıçı hesab etmək olar?
- Aydın Bayramov zədədən yeni qayıdıb. 3 gündür bizimlə məşq edir. Kimin birinci qapıçı olduğunu deyə bilmərəm. Kim yaxşıdırsa, qapıda o da duracaq.
- Qarşıda 6 tur var. Gözləntiniz nədir?
- Ən əsası evdəki matçlarda qələbə qazanmalıyıq. Səfərdə "Kəpəz"ə də məğlub olmasaq, ümid etmək olar. Bunu da etməyə çalışacağıq.