2 gün sonra Misli Premyer Liqasında 29-cu tur start götürəcək.
Offsideplus.az xəbər verir ki, turun açılış matçı Qəbələdə keçiriləcək. Şəhərin eyniadlı komandası "Zirə"ni sınağa çəkəcək. 28-ci turda səfərdə "Sabah"a 2:3 hesabıyla məğlub olan "qırmızı-qaralar" "qartallar"la oyunda qələbə qazanaraq turnir cədvəlində 3 xal gerisində olduğu rəqibini qabaqlamağa çalışacaq.
Matçla bağlı gözləntilərini öyrənməkçün "Qəbələ"nin vingeri Rövlan Muradovla danışdıq. 25 yaşlı futbolçu bu görüşə ciddi şəkildə hazırlaşdıqlarını, məğlubiyyətdən sonra komandada hər şeyin qaydasında olduğunu bildirdi:
"Bizi ağır oyun gözləyir. "Sabah"a məğlubiyyəti unudub, qarşıdakı matça köklənmişik. Komandada ab-hava yaxşıdır. Təslim olmamışıq. "Zirə" ilə oyunda əlimizdən gələni edib, qələbə qazanmağa çalışacağıq".
Xatırladaq ki, qarşılaşma saat 17:00-da start götürəcək.
Daşqın Əziz