Sabah Misli Premyer Liqasında 28-ci tura start veriləcək.

 Turun açılış matçında "Turan Tovuz" doğma meydanda "Sumqayıt"ı sınağa çəkəcək.

Tovuz təmsilçisinin 30 yaşlı müdafiəçisi Tərlan Quliyev Offsideplus.az-a açıqlamasında bu qarşılaşmanın çətin keçəcəyini və rəqibin meydana sonuncu oyunuymuş kimi çıxacağını bildirib:

"Sabahkı oyuna xal və ya qallar qazanmaq üçün çıxacağıq. Çempionatın bitməsinə 9 tur qalıb və "Sumqayıt" üçün də hər xal vacibdir. Rəqib Premyer Liqada qalmaq üçün mübarizə aparır. Buna görə də, "Sumqayıt" sabah meydana sonuncu oyunuymuş kimi çıxacaq. Biz də bunun mahiyyətini dərk edirik. Belə oyunlarda səbirli və təmkinli olmaq lazımdır. Çalışacağıq ki, ələ düşən şanslardan maksimum yararlanaq və qələbə qazanaq. Qalib gələ bilməsək belə, ən azından 1 xal qazanmaq üçün mübarizə aparacağıq".

Xatırladaq ki, sabah Tovuz şəhər stadionunda keçiriləcək oyun saat 15:30-da başlayacaq.

Daşqın Əziz