Ötən gün Misli Premyer Liqasının 24-cü turu çərçivəsində Azərbaycan derbisi baş tutub.
"Neftçi"ni qəbul edən "Qarabağ" "ağ-qaralar"la "sülh"ə razılaşıb – 1:1.
Görüş haqda fikirlərini Offsideplus.az-la bölüşən "Neftçi"nin sabiq idman direktoru, menecer Ceyhun Sultanov Qurban Qurbanovun əvəzetmələrinin matçda "Qarabağ" adına dönüş yaratdığını bildirib:
"Neftçi" 75-ci dəqiqəyədək meydanda daha üstün tərəf idi. Son 15 dəqiqə ərzində isə "ağ-qaralar"ın ehtiyat oyunçular skamyasında əyləşən futbolçuların o keyfiyyətdə olmaması "Neftçi"nin bu matçdan 3 xalla ayrılmasına mane oldu. Qurban Qurbanovun əvəzetmələri isə oyunda gedişatı dəyişdi. "Neftçi" rəqibin dəyişikliklərindən sonra güclü təzyiqə tab gətirə bilmədi. Məncə, oyunun ədalətli hesabı da elə bərabərlik idi".
Qarşılaşmanın dumanlı hava şəraitində keçirilməsinə də toxunan Sultanov əgər futbolçular bu vəziyyətdə meydanda mübarizə apara bilirlərsə, oyunun dayandırılmamalı olduğunu söyləyib:
"Normalda belə vəziyyətlərdə görüş dayandırılmır. Əgər futbolçular 20-30 metr məsafədən bir-birilərini görürlərsə, burada oyunun dayandırılmasından söhbət gedə bilməz. Matçı televiziya vasitəsilə izləyərkən, yaxşı görünməməsi o demək deyil ki, meydanda da durum belədir. Oyunun dayandırılması üçün gərək futbolçular 1 metrdən belə bir-birilərini görə bilməsinlər. Hesab edirəm ki, matçın davam etdirilməsi normal idi".
Daşqın Əziz