AFFA Region Liqasında bu gün keçirilən "Karvan" – "Şəki Siti" oyununda gözlənilməz hadisələr baş verib.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, görüşün baş hakimi Sərxan İsmayılovun qərarları qonaqları xeyli narazı salıb.

Belə ki, 3-cü dəqiqədə şəkililərin iki oyunçusu sıradan çıxıb. Onlardan biri isə xəstəxanalıq olub. Lakin referi Yevlax təmsilçisinin sərt oynayaraq rəqibə xəsarət yetirən futbolçusuna vərəqə göstərməyib. Digər zədələnmə epizoduna görə də hakim əlini cibinə atmayıb.

"Karvan"ın hesabı bərabərləşdirməsinə (ilk qolu ikinci hissənin ortalarında "Şəki Siti" vurub – red.) səbəb olan penalti epizodu da qonaqları narazı salıb. Qayda pozuntusunun cərimə meydançasından kənarda olduğunu əsas gətirən şəkililər bu epizoda görə penalti təyin edilməsindən gileyləniblər.

Matçda ən yaddaqalan hadisə isə görüşün sonlarında yaşanıb. "Karvan" 83-cü dəqiqədə ikinci qolu vuran zaman meydana azarkeşlər daxil olublar. Fanatlar qonaqların ünvanına təhqiramiz ifadələr səsləndirərək meydançaya axışıblar. Fəqət stadionda olan polislər onlara müdaxilə etməyiblər. Buna etiraz edən "Şəki Siti"nin məşqçi heyəti öz futbolçularından meydanı tərk etmələrini istəyib. Oyunçular kənara çıxınca, baş hakim Sərxan İsmayılov görüşün bitməsinə 7 dəqiqə qalmış final fitini səsləndirib. 

Bir neçə dəqiqədən sonra matçın qaldığı yerdən davam etməsini istəyən Şəki təmsilçisinin bu tələbi də nəticəsiz qalıb və qarşılaşma 2:1 hesabı ilə yekunlaşıb.

WhatsApp Image 2022 12 19 at 14.07.28

WhatsApp Image 2022 12 19 at 14.07.26

Daşqın Əziz