"Səbail" klubu Misli Premyer Liqasının 17-ci turu çərçivəsində səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Mahmud Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Məğlub olmaq istəmirdik. Müdafiədə çox pis oynayırıq. İki korner qapımıza iki qolla nəticələndi. Bu da oyunun taleyini həll etdi. Ümumi götürəndə heç də pis oynamırdıq. Hesabı bərabərləşdirmək üçün şanslarımız var idi. Amma istifadə edə bilmədik. Rəqibin qələbəsini kölgə salmaq istəmirəm, lakin təhlükəli qol epizodları yaratmadılar. Start heyətdə meydana çıxan oyunçularda yorğunluq var idi. Birinci hissədə bu, hiss olunurdu. Ağır kubok matçından çıxmışdıq. Heyəti dəyişmədik. Deyiləsi söz çoxdur. Futbolçulara deyiləcək. Belə müdafiə olunmaq olmaz.
- İlk hissədə meydanda aqressiv, hesabı bərabərləşdirmək istəyən "Səbail" görürdük. ikinci hissədə isə komanda sönük təsir bağışladı. Bunun səbəbi nədir?
- Oyundan qopmağın səbəbi yorğunluq idi. Bu da başadüşüləndir. Ona görə də əvəzetmələr etdik. Əvəzetmələr oyunu canlandırdı. Görüşün sonunda da hesabı bərabərləşdirmək üçün yaxşı şanslar var idi.
- Komandanız ikinci dövrədə iki xal toplayıb. Bunun səbəbi nədir?
- Biz nəticə üçün oynayırıq. Səbəb müdafiədə zəif oynamağımızdır.
- Komandadan gedənlər bəllidir? Qışda neçə transfer edəcəksiz?
- Qarşıda iki oyun var. Ehtiyat qüvvəmiz elə çox deyil. Matçlar bitəndən sonra kimlərlə yola davam edəcəyimizi dəqiqləşdirəcəyik.
- Qarşıda vacib kubokun cavab görüşü var və bu gün Mazurek zədələndi. Onun durumu necədir?
- Onun durumu sabah bilinəcək. Bundan sonra qərar verəcəyik. Deyəsən əzələsi dartılıb.