SOCAR-ın tikintisi 2008-ci ildən yarımçıq dayandırılan Şirvan şəhər stadionunda inşaat-tamamlama işlərinə 2023-cü ilin yanvarıda başlayacağı ilə bağlı xəbər yayılıb.
Offsideplus.az "mediasport.az"a istinadla xəbər verir ki, yayda təhvil verilməsi nəzərdə tutulmuş arenada hansı Premyer Liqa klubunun məskunlaşacağı artıq müəyyənləşib.
Gənclər və İdman Nazirliyi-SOCAR-AFFA rəhbərliyinin yekun müzakirələrdən sonra verdiyi qərara əsasən, qeyri-adi hadisə baş verməsə, stadion gələn mövsümdən "Səbail"in ixtiyarına veriləcək. Təbii ki, adı dəyişdirilərək. Klubun hansı ad altında fəaliyyət göstərəcəyi hələlik məlum deyil.
Bayıl klubunun rəhbərliyi artıq bu məqsədlə Şirvana yollanıb, kompleksin ərazisində yaradıla biləcək infrastrukturla tanış olduqdan sonra təklifə müsbət yanaşıb. Şəhərlə, oradakı şəraitlə yaxından tanış olan klub rəsmilərini regiondakı perspektivlə yanaşı, paytaxt Bakı ilə saatyarımlıq (120 km) məsafədə olması da razı salıb.
Fövqəladə hadisə ilə üzləşməsək, maksimum 2024/2025-ci illər mövsümünün startına qədər "Səbail" yeni adla bütövlüklə bu kompleksdə məskunlaşacaq.