Misli Premyer Liqasının 14-cü turunda keçirilən “Kəpəz” – “Turan Tovuz” oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib...
- Maraqlı görüş oldu. Rəqibin əks-hücumlardan istiafdə edəcəyini gözləyirdik. Ayxan Abbasov uzun illərdir, bu taktikadan istifadə edir. Rəqibi təzyiq altında saxladıq. İmkan vermirdik ki, meydanın özlərinə aid olan hissəsindən çıxsınlar. Amma imkanları var idi. İlk hissədə oyunu bitirə bilərdik. Bu gün məğlub olsaq da, komandadan razı qalardım. Bütün oyun boyu hücum edən komanda istər-istəməz müdafiədə boşluq verir. Rəqib də əks-hücumlarda yaxşı oynayır. “Turan Tovuz”a öz oyunlarını göstərmək imkanı vermədik. 1 xala hər iki komanda layiq idi . İstədiyim futbolun çox hissəsini gördüm.
- Ehtiyat skamya sizi qane edir?
- Qane etsə də, etməsə də, akademiyaya daha çox üstünlük vermişik. Bir neçə gənci komandaya cəlb etmişik. Komandanın qarşısına qoyulan hədəfə çatacağıq. Qarşımıza mükafatçılar sırasında olmaq qoyulmayıb. Qışda komandaya yeni futbolçular qoşulacaq. Əlimizdə olanlardan istifadə edib, nəticə qazanmağa çalışırıq. Oyunu dəyişəcək futbolçulara ehtiyacımız var. 7 turdan sonra 0 xalımız var idisə, deməli, gənclərə üstünlük versək, daha yaxşı olar.
- Qarşıdan fasilə gəlir. Bu müddətdən gözləntiniz nədir?
- Çempionatın gedişində xoş deyil. Normal oynayırsan, futbolçular öyrəşir, fasilə olanda yenidən başlamalı olursan. Edəcəyimiz bir şey yoxdur. Çatışmayan cəhətlərin üzərində işləməliyik. Bu da bizim üçün həm xeyirli, həm ziyanlı ola bilər. Səmərəli istifadə etməyə çalışacağıq.
- Komandadan göndəriləcək oyunçular məlumdur?
- İndi açıqlamaq doğru deyil. Ola bilər ki, 1-2 futbolçu yola salınsın. Hazırda açıqlama verməyim düz deyil. İndi bizim üçün dəyərlidirlər.
- İlk hissənin sonunda Orxan Sadıqlı ilə Ahmed Ayzaya arasında mübahisə düşdü. Onları cəza verəssiz?
- İki qərb komandası üz-üzə gəlirdi. Gərginlik ola bilər. Bunlara önəm vermirik. Bütün dünyada belə şeylər olur. Təbii qarşılamaq lazımdır. İndi komandanın oyunu mənim üçün daha vacibdir. Daxildə söz atışmalarının olmasını nizam-intizam kodeksinə salmamışıq.
- Qarşıda son oyunlarda uğurlu çıxış edən “Şamaxı” ilə oyununuz olacaq...
- Turnir cədvəli məni narahat etmir. Hər komanda müəyyən dövr uğurlu və uğursuz ola bilər. Öz oyunumuzla qələbələr qazanmağa çalışacağıq. Hər şeyi təhlil edirik. Amma “Şamaxı”nın iki qələbə qazanmasında məni qorxudacaq heç nə yoxdur. Qəbələdə “Şamaxı”dan üstün olmuşuq. Mənim üçün ev və ya səfərdə oynamaq anlayışı yoxdur. Sadəcə, istəyirəm ki, komandam qələbə ruhunda oynasın.