"Oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Xallarımızı artırmaq üçün yaxşı oyun idi. Daha çox xala ehtiyacımız var.Yaxşı başladıq, hesabı da aça bilərdik. Ancaq qırmızı vərəqə oyunumuzu daha da ağırlaşdırdı. Azlıqda olsaq da, fasilədən sonra qorxaq futbol oynamadı. Əks-hücumda oynadıq. Bir çox qol epizodları da yarada bildik. Rəqibin meydançasında oynaya bilirdik. Təəssüf ki, qalib gələ bilmədik. Halbuki xala ehtiyacımız var idi. Qarşıdakı oyunlara hazırlaşacağıq".
Offsideplus.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 11-ci turunun "Şamaxı" ilə görüşündən sonra deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- Komandanın stabil oyun göstərməsinə nə mane olur?
- Deməzdim ki, qeyri-stabil oynayırıq. Üç oyunda qırmızı vərəq almışıq. Bu da oyunumuza təsir edib. Uşaqlar bacardığı qədər oynayır. Ola bilər ki, futbolçularımızda stabillik yoxdu. Bir oyun yaxşı oynayırlar, digər oyun fərqli olur. Ona görə də tez-tez heyətdə dəyişiklik edirik. Ümumilikdə komanda şəklində pis deyilik. Xal ehtiyatımız az olsa da, fərdi şəkildə stabil deyilik.
- Tural Bayramlı cəzalandırılacaq?
- Olacaq. Çünki Bayramlı "Zirə" ilə oyunda da qırmızı vərəqə ilə cəzalanmışdı. Ona pul cəzası kəsmişdik. Bu dəfə daha sərt olacaq. Bir oyunçu iki dəfə meydana çıxır və hər ikisində də qırmızı vərəqə alırsa, bunun cəzası sərt olmalıdı. Bəlkə də həmin vəziyyətdə sarı vərəqə ilə də kifayətlənmək mümkün idi. Hər halda, qırmızı vərəqə ilə cəzalandırıldı. Klub tərəfindən cəzası olacaq.
- Oyunun böyük hissəsini azlıqda keçirdiyinizi nəzərə alsaq, bir xalı aktivinizə yazmaq olar?
- Biz udmaq istəyirdik. 10 nəfərlə qalanda da, fasilədə dedim ki, hücum etməli, qol vurmalıyıq, müdafiədə oturmamalıyıq. Əfsuslar olsun ki, qol vura bilmədik. Bir xal qazandıq, yoxsa iki xal qazandıq, bunu demək çətindi. Rəqibin də heyətində yaxşı futbolçular var idi. Onlar da qələbə istəyirdi. Biz daha çox istəyirdik.
- Ağabala Ramazanovun yoxluğu zədə ilə bağlıdır?
- Bəli. "Turan Tovuz"la səfər oyununda zədələnmişdi və hələ də sağalmayıb. Çalışacağıq ki, "Kəpəz"lə oyunda meydanda olsun.
- Son dəqiqələrdə əks-hücuma çıxa bilərdiniz, amma yan-xətt hakimi autdan ofsayd qeydə aldı. Bu, sizin üçün təəccüblü gəldi?
- Təəccüblü gəldi. Ola bilər ki, qayda dəyişib, bizim xəbərimiz yoxdu. İlk dəfədir görürəm ki, bu səviyyədə autdan ofsayd verirlər. Mənim üçün təəccüblü və acınacaqlıdı. Ki, autdan ofsayd qeydə alınır. Çox danışmaq olar.
- Özündən soruşdunuz?
- Xeyr, soruşmadım. Hakimlərə yaxınlaşa bilmirik. Dördüncü hakimlə mübahisəli epizodları danışıram. Amma o, meydanın mərkəzində deyil. Soruşmadım, buna ehtiyac da yoxdu. Hər şey məlum idi.
- Sizcə, baş hakim belə anda məsuliyyəti öz üzərinə götürməlidir?
- Məncə, götürmək olardı. Ola bilər ki, yan xətt hakimi səhv edir. Amma mərkəz hakimi məsuliyyəti üzərinə götürə bilərdi. İnqilab illərdir ki, hakimlik edir.(sportal.az)