Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Kubokunun püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, 14 komandanın təmsil olunduğu tədbirdə Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev iştirakçıları maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirib.
“Kubokun titul sponsoru ilə bağlı bir neçə şirkətlə danışıq aparmışıq, real yanaşanlar var, amma hələ də son məxrəcə gələ bilməmişik, razılaşmadığımız məqamlar var. Kubokun başlamasına bir aydan çox vaxtımız qalır, ona kimi bütün detallarda razılığa gəlib ən optimal varinatı seçsək, bu mövsümə sponsorla başlayacağıq. Yox, əgər hər şey düşündüyümüzün əksinə getsə, bu mövsüm kubokun titul sponsoru olmayacaq”.
Mətbuat nümayəndələrinin region liqası komandalarının ölkə kubokuna buraxılmasının mümkünlüyü ilə bağlı sualına cavab verərkən Şahgəldiyev qarşıdakı mövsümdə bununla əlaqədar müzakirələr aparılacağını bildirib: “Kubokda komanda sayının az olması bizi də narahat edir. Bildiyiniz kimi, 1-ci divizon komandalarının hamısı kubokda iştirak etmir. “Zaqatala” və “İmişli” futbol klubları maliyyə çatışmazlığı səbəbindən imtina məktubu göndəriblər. Region Liqasında çıxış edən komandaların kuboka buraxılması məsələsinə gəldikdə, bu yarışda çıxış edən komandalar həvəskar statusu daşıyır, bizim əsasnaməyə görə isə Azərbaycan Kubokunda iştirak edən komandaların peşəkar statusu olmalıdır. Düşünürük ki, kuboka qatılmaq istəyən komanda infrastrukturla bağlı heç olmasa minimal tələblərə cavab verməlidir. İstənilən halda növbəti mövsümdən Region Liqasında çıxış edən komandaların Kubokda çıxış etməsi məsələsini AFFA ilə birlikdə müzakirə edəcəyik”.
PFL-in vitse-prezidenti VAR sistemi və AFFA nümayəndələrinin təyinatı ilə bağlı planları da açıqlayıb: “Kubok oyunlarında da VAR-dan istifadə etməyi düşünürük. Hələ ki biri stasionar, yəni avtomobilə quraşdırılmış, digəri Bakı Olimpiya Stadionunda yerləşdirilmiş VAR sistemimiz var. Bu sistemi daha da təkmilləşdirməyi düşünürük. Elə bu məqsədlə PFL-in prezidenti Elxan Səmədov Almaniyanın Frankfurt şəhərinə yollanıb bununla bağlı danışıqlar aparır. Arzu edirik ki, bu danışıqlar müsbət yekunlaşacaq. İdman jurnalistlərimizə layihəmizdə aktiv iştirak etdiklərinə görə təşəkkür edirəm. İlk turlarda regionda keçirilən oyunlarda 1 jurnalist olduğu halda, artıq son turlarda 10-dan çox jurnalist olur. Etiraf etsək, bəzi jurnalistlər o qədər də fəal deyil. Düşünürəm ki, oyunlar zamanı onlar da aktiv olsalar, təmsil etdikləri saytların xeyrinə olar. Çünki artıq bu movsümdən azarkeşlərin artımı hiss olunur.
AFFA nümayəndələri məsələsində müəyyən işlər görülür, bu, PFL-in icraçı direktoru Zaur Hacı-Məhərrəmova həvalə olunub. Yeri gəlmişkən, Zaur müəllim UEFA Gənclər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 1-də keçiriləcək “Viktoriya Plzen” (Çexiya) – “Barselona” (İspaniya) oyununun UEFA nümayəndəsi olacaq. Çalışırıq Avropada oyunların təşkilini yavaş-yavaş premyer liqamıza da şamil edək. Bu komandalarımızın özü üçün də yaxşı olacaq. Avrokuboklara qatıldıqları zaman problemlərlə üzləşməyəcəklər və komandalarımız üçün oyunun təşkili daha rahat olacaq. Biz istəyirik ki, nümayəndələr oyuna təkcə cərimə yazmağa yox, oyunları daha yaxşı təşkil etmək üçün getsinlər. Artıq AFFA nümayəndələrinin sırasına 2 yeni şəxs əlavə olunub. Emin Cəfərov AFFA oyun əməliyyatları departamentinin əməkdaşıdır, A milli komandanın oyunların təşkilini həyata keçirir və Elçin Məmmədov lisenziyalaşdırma qrupunun rəhbəridir. Eyni zamanda UEFA-nın “venyu direktoru”dur və UEFA-nın keçirdiyi klub yarışlarının təşkilatçısıdır. Bu mövsüm “Trabzonspor”un avrokuboklardakı bütün ev oyunlarının təşkilatçılığı Elçin bəyə həvalə olunub. Elgiz Abbasovun özü “Qarabağ” – “Olimpiakos” oyununda UEFA nümayəndəsinin köməkçisi kimi çalışırdı. Bu təcrübələrin qazanılmasının bizə böyük köməyi dəyəcəyinə əminik”.