Region Liqasının 2022/2023 mövsümündəki klubların sayı keçən mövsümkü qədər olacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə saytımıza açıqlamasında AFFA-nın Uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev deyib:

“Oktyabrın 1-də qeydiyyat prosesiinə yekun vurulacaq. Komandaların sayı barədə qeydiyyat prosesi başa çatdıqdan sonra rəsmi olaraq bildirəcəyik. Bəzi komandalar müraciət etsə də, futbolçularını qeydiyyatdan keçirirlər. Klubların sayı, təxminən ötən mövsümdəki ilə eyni olacaq. Zonalar üzrə həm yeni komandalar, həm də ötən mövsüm iştirak etmiş komandalar mübarizə aparacaq".

Y.Vəliyev daha öncə saytımıza açıqlamasında püşkatma mərasimi oktyabr ayının ilk həftəsində, oyunların isə bir həftə sonradan etibarən keçiriləcəyini söyləmişdi.

Qeyd edək ki, Region Liqasında 2022/2023-ci illər üzrə iştirak üçün qeydiyyata iyulun 26-dan start verilib. AFFA-nın rəsmi saytında yayılan məlumatda müraciətin avqustun 25-dək davam edəcəyi bildirilmişdi.

Offsideplus.az