"Səbail" klubunun baş məşqçisi Misli Premyer Liqasının IV turunda "Kəpəz"ə evdə 4:1 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, o, ilk olaraq görüş haqda fikirlərini bölüşüb:
- Oyuna pis başlamadıq. İlk dəqiqələrdə qol epizodu yaratdıq. Lakin əks-hücumdan qol buraxdıqdan sonra bir qədər stress yaşandı. Fasilədən sonra əvəzetmələr etdik və fərqli komanda gördünüz. Futbolçularıma əzmkarlıq göstərdiklərinə görə təşəkkür edirəm.
- Rauf Əliyev sizə hücum çəkdi, 12 nəfər polis sizi ayıra bilmirdi...
- Raufu başa düşürəm. O, “Səbail”də qalmaq istəyirdi. Elə bir dava olmadı.
- Qapıçı dəyişikliyinin səbəbi nə idi?
- Emil Balayevin kiçik zədəsi var idi. Bu gün qərara aldıq ki, ehtiyatda qalsın. Qarşıdakı oyunlarda Emili yenə meydanda görəcəyik.
- İlk qələbəni doğma “Kəpəz” üzərində qazandınız...
- Bu, futboldur. Uşaqlarımıza təşəkkür edirəm.
- Komandanız professor futbolunu necə turdan sonra ortaya qoya biləcək?
- Səbr etməliyik. Həddən artıq çox tələsirik.
- Komandanızın qarşısında hansı hədəf qoyulub?
- İkinci hissədəki sərgilədiyimiz futbol ideala yaxın idi. Qarşımıza qitəmiqyaslı Kuboklar çıxmaq hədəfi qoyulmayıb. Ancaq biz maksimuma çalışacağıq. Qarşıda bizi “Sabah” kimi komanda ilə oyun gözləyir.
- Yeni transfer olacaqmı?
- İstəyərdik. Belə bir futbolçu çıxsa, alacağıq.
- Üç turdan sonra gərginlik var idi?
- Bəli, var idi. İlk yarıda da qol buraxdıqdan sonra bu gərginlik artdı. Çünki daha çox görmək istəyirdik. Sevindiricidir ki, bu yükü üzərimizdən atdıq.