Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Neftçi”nin kapitanı Ruslan Abışov klubun rəsmi saytına müsahibə verib.
Offsideplus.az Sportal.az-a istinadən həmin müsahibəni sizə təqdim edir:
- Təlim-məşq toplanışını necə dəyərləndirirsiniz?
- Hər şey yaxşıdır. Hazırlaşır, məşq edirik. Bəzi məşqlərimiz ağır keçsə də, əsas odur ki, toplanışı zədəsiz başa vuraq. İyulun 12-də Macarıstanın "Uypeşt” klubu ilə Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək oyuna hazır olmalıyıq.
- Yeni transferlər özlərini necə göstərirlər: Komandaya uyğunlaşıblarmı?
- Məncə, Baqali Dabo, Dario Frederiko və Slavko Braliç artıq komandaya uyğunlaşıblar. Qoran Paratski ilə Kvame Karikarinin adaptasiyası üçün bir az zamana ehtiyac var. Onlar qısa müddətdə komandaya kömək edə biləcəklər. Tural Axundovla Rəşad Eyubov komanda üzvlərini yaxşı tanıyırlar. Sanki neçə illərdir bir komandada oynayırıq.
- Yoxlama oyunları barədə nə deyə bilərsiniz: Baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirə bildinizmi?
- Düzdür, hazırlıq matçlarında hər şey tamam başqa cür olur. Bununla belə, baş məşqçinin bizdən tələb etdiklərini meydanda göstərməyə çalışırıq. Bugünkü oyunda rəqibimiz əvvəlkilərlə müqayisədə daha güclüdür. Buna baxmayaraq, yaxşı oynamalıyıq. Baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməliyik ki, artıq "Uypeşt”lə görüşdə çətinlik çəkməyək.
- "Neftçi"nin kapitanı olaraq, klub azarkeşlərinə nə demək istərdiniz?
- Azarkeşlərsiz bizə çox çətin olardı. Onların dəstəyini meydanda hər zaman hiss etmişik. "Neftçi” çoxdandır avrokuboklarda oynamır. İnanıram ki, azarkeşlər iyulun 12-də tribunaları dolduracaqlar. "Uypeşt”lə ilk oyunda onların dəstəyi sayəsində yaxşı nəticə qazanmaq istəyirik.