“Doğma komandamda qaldığım üçün sevincliyəm. İllərdi ki, “Kəpəz”də oynayıram. Klubumuz elitaya yüksəldiyi üçün iki qat gözəl hisslər keçirirəm”.
Offsideplus.az xəbər verir ki, bunu "Kəpəz"in futbolçusu Əli Səmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib. Yarımmüdafiəçi Misli Premyer Liqasına hazırlıqla bağlı fikirlərini bölüşüb:
“Hər şey qaydasında olub. Təlim-məşq toplanışını Bakıda keçdik. Heyətimiz yenilənib. Uşaqlar yavaş-yavaş komandaya uyğunlaşırlar. Təcrübəli və gənc futbolçularımız var, komandaya legionerlər də cəlb edilib. İlk gündən hamı istəklidir. “Kəpəz”də oynamaq başqadı və hamı bunun fərqindədir. Əlavə məsuliyyət tələb olunur”.
Əli Səmədov “Kəpəz”in Gəncədə oynaya bilməyəcəyinə də münasibət bildirib: “Bu qərar həm bizim, həm də azarkeşlər üçün yaxşı xəbər olmadı. Buna görə edilən etirazlar da başadüşüləndir. Fanatlar biz futbolçulara da müraciət edirlər. Biz də istəyirik ki, Gəncədə, futbolsevərlərimizin önündə oynayaq. Çünki doğma meydan və azarkeş amili bizə əlavə güc verir. Ümid edirəm ki, bunun bir yolu tapılar və tezliklə Gəncədə oynayarıq”.
Qeyd edək ki, "Kəpəz"lə müqaviləni yeniləyən Əli Səmədov daha bir il Gəncə təmsilçisinin formasını geyinəcək.