Bildiyiniz kimi, "Neftçi" dünən UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kipr "Aris"ini 3:0 hesabıyla məğlub edərək turnirin 3-cü raunduna vəsiqə qazanıb.
"Ağ-qaralar" bu mərhələdə Avstriyanın "Rapid" klubu ilə üz-üzə gələcək. Tərəflər arasında ilk qarşılaşma avqustun 4-də Bakıda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Vyanada baş tutacaq.
Məsələ burasındadır ki, həmin ərəfədə - avqustun 5-də Azərbaycan Premyer Liqasında 2022/23 mövsümü də start götürəcək. Belə ki, "Neftçi" ilk turda "Şamaxı" ilə qarşılaşacaq.
Bəs görəsən, paytaxt təmsilçisi avrokubok matçına görə, bu oyunun ləğv edilməsi üçün PFL-ə müraciət edəcək?
Sualımızı "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev cavabladı. Klub sözçüsü Offsideplus.az-a açıqlamasında bildirdi ki, bununla bağlı konkret addımın atılıb-atılmayacağı dəqiq deyil. Onun sözlərinə görə, bu məsələyə həftənin birinci günü aydınlıq gələ bilər:
"Bununla bağlı hələlik nəsə deyə bilmərəm. "Şamaxı" ilə oyun təxirə salına da bilər, salınmaya da. Hazırda bu yöndə müzakirələr aparılır. Bu məsələyə həftənin birinci günü aydınlıq gələ bilər".
Offsideplus.az