Futbol üzrə Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk görüşlərindən sonra statistik göstəricilər açıqlanıb.

Offsideplus.az xəbər verir ki, dünən İsveçrənin “Sürix” komandası üzərində 3:2 hesabı ilə qələbə qazanan “Qarabağ” turnirdə ən çox qol vuran iştirakçılar arasında ikinci pillədədir. 3 oyuna 8 top vuran Ağdam təmsilçisi yalnız İslandiya “Vikinqur”undan geri qalır. Skandinavlar 12 qolla bu göstəricidə siyahının ilk pilləsində yer alır.

“Qarabağ” eyni zamanda ən çox hücum edən komandalardan biridir. Qurban Qurbanovun başçılıq etdiyi kollektiv 40 hücumla 3-cü sırada qərarlaşıb. İlk sırada Bolqarıstanın “Ludoqorets” (52),  sonrakı pillədə isə İsveçin “Malmö” klubu (45) yer alıb.

"Köhlən atlar" küncdən zərbələrin sayında da liderdir. Komanda 3 oyunda 25 dəfə standart vəziyətdən istifadə edib. Qarabağ ən çox qayda pozuntusuna yol verən klublar arasında birincidir. Onlar 3 oyunda 42 dəfə sərt  oynayıb.

Ağdam təmsilçisinin futbolçusu Kadi Borges bombardirlər siyahısında ikinci sırada yer alır. 3 qolu olan braziliyalı oyunçu “Budo Qlimt”in forvardı Bonifeysdən geri qalır (4 qol).