"Qarabağ"ın bu yay "Qəbələ"dən transfer etdiyi Filip Ozobiç müsahibə verib.
Offsideplus.az xəbər verir ki, Avstriyadakı təlim-məşq toplanışını dəyərləndirən xorvatiyalı yarımmüdafiəçi digər məqamlara da toxunub.
- Artıq 1 həftədən çoxdur Avstriyada təlim-məşq toplanışındasınız. Hazırlıq prosesi necə gedir?
- Hər şey əladır. Hazırlığımız da qaydasında gedir. Qarşıda vacib oyunlarımız var. Əzmkarlıqla həmin matçlara və yeni mövsümə hazırlaşırıq.
- Mövsümün sonunda "Qəbələ"ni "Qarabağ"a dəyişdiniz. Özünüzü yeni klubunuzda necə hiss edirsiniz?
- Əlbəttə ki, yaxşı hiss edirəm. "Qarabağ"da məni hər şey qane edir.
- 2 il "Qəbələ"nin formasını geyinmisiniz. Bu komanda ilə "Qarabağ" arasında nə kimi fərqlər müşahidə etmisiniz?
- Hansı mənada?
- Ümumi mənada: münasibətlər, məşq prosesi, bir sözlə hər şey...
- "Qarabağ"a yenicə qoşulmuşam. Açığı, bu iki komandanı müqayisə etmək üçün çox az vaxtdır. 2-3 aydan sonra bu barədə danışa bilərəm. Ancaq onu deyə bilərəm ki, hər məşqçinin öz fəlsəfəsi və məşq proqramı var.
- Yarımmüdafiəçi olsanız da, Avstriyada "Ludoqorets"lə keçidiyiniz ilk yoxlama matçında hücumçu kimi oynadınız. Fərqli mövqedə çıxış etmək çətin olmadı?
- Düzdür, ilk oyunda baş məşqçi məni fərqli mövqedə sınadı. Amma son yoxlama görüşündə öz doğma mövqeyimdə - yarımmüdafiənin mərkəzində və cinahlarında oynadım. Mənim üçün fərqi yoxdur. Qurban Qurbanov hara qoysa, orda da oynayacağam. Əsas komandanın nəticə qazanmasıdır.
- Elə Qurban Qurbanovdan söz düşmüşkən, yeni baş məşqçiniz haqda nə deyə bilərsiniz? Onu qiyabi olaraq tanıyırdınız, indi isə başçılığı altında oynayırsınız...
- Onun haqqında yalnız yaxşı sözlər deyə bilərəm. Baş məşqçinin hazırlıq proqramı və üslubu çox xoşuma gəlir. Topla bütün hərəkətləri edirik. Bir sözlə, hər şey əladır.
- Yeni mövsümə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunu ilə start verəcəksiniz. Rəqib "Olimpiya"dır. Sloveniya klubu ilə matçdan nə gözləyirsiniz?
- Əvvəlcə onu deyim ki, "Olimpiya" çox yaxşı komandadır. Onlarla oyun çətin olacaq. Amma "Qarabağ"ın da avrokubok təcrübəsi var. Ötən il Çempionlar Liqasının qrup mərhələsində oynayıb. İnanıram ki, bu təcrübə bizə əlavə kömək olacaq. "Olimpiya"nı keçib, Çempionlar Liqasında yolumuza davam etmək istəyirik.
- Bəs dünya çempionatı haqda nə düşünürsünüz? Xorvatiya yığması mundiala iddialı başlayıb və inamla yoluna davam edir...
- Elədir. Dünya çempionatında baxımlı futbol sərgiləyirlər. Düşünürəm ki, böyük uğurlar qazanmaq üçün yaxşı şansları var.
- Sizcə, çempionluq mümkündürmü?
- Baxaq, görək, necə olur. Bu dünya çempionatı çox çətin və sürprizlərlə doludur. Bir oyunda hər şey tamamilə dəyişə bilir.
- Yığmanız 1/8 finalda Danimarka ilə qarşılaşacaq. Bu oyun barədə hansı fikirdəsiniz?
- Xorvatiya hazırda əla formadadır. İnanıram ki, yaxşı nəticə qazanacaqlar. Ancaq bu, elə də asan olmayacaq. Çünki 1 oyundan ibarət olacaq və hər şey baş verə bilər.
Mənbə: Qol.az