Azərbaycan futbolundakı biabırçılıqlara daha biri əlavə olunub.

Bu dəfəki biabırçılıq Xaçmazda yaşanıb.

Bir neçə il bundan qabaq "Media Komitəsi"nin xətti ilə olan layihə çərçivəsində bu rayona səfər etmiş, futbolun acınacaqlı durumu ilə yerindəcə tanış olmuşduq. Sonra bu haqda fenişyazı hazırlamış, Xaşmaz stadionunun bərbad durumu haqda da bəhs etmişdik. Bəhs etmişdik ki, bəlkə aidiyatı şəxslər insafa gəlib bu stadiona bir əl gəzdirə, uşaqların və yeniyetmələrin futbolla məşğul olması üçün əməli iş görə. İş görmək bir yana, aidiyatı şəxslər deyəsən olanı da dağıtmağa qərar veriblər. Belə ki, sözügedən rayondan redaksiyamıza daxil olan məlumata görə, Xaçmaz stadionunun yerli-dibli sökülməsinə qərar verilib. Stadionun yerində isə rayon polis şöbəsi üçün bina tikiləcək. Polis şöbəsi üçün yeni bina lazımdırsa çox yaxşı tikilsin buan sözümüz yox. Amma niyə məhz stadionun yerində? Görəsən o boyda Xaçmazda polis şöbəsi tikmək üçün başqa yer tapılmadı ki, stadionu dağıtmağa qərar verdilər? Hər halda, görünür Xaçmaz rəhbərliyi dövlətin idman siyasətinə bu cür "dəstək" vermək qərarına gəlib. (rekord.az)