"Avropanın bir neçə klubunun məni transfer etmək istəməsindən xəbərdaram".
Offsideplus.az xəbər verir ki, bu sözləri Avropa çempionatının qalibi olan mini-futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Davud Kərimi hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, əməkdaşımızın Avropanın bir neçə klubunun onu transfer etmək istəməsi sualını cavablayarkən bundan xəbərdar olduğunu, lakin konkret təklif və danışığın olmadığını bildirib:
"Bəli, transfer söhbətlərindən xəbərim var, amma mənə bu barədə təklif olmayıb. İnşallah, hər şeyi zaman göstərəcək. Hər şey maddiyyata bağlıdır. Əgər gəlir yüksək olarsa, gedib xaricdə oynamağa hazıram. Amma maddi məsələ buradakı kimidirsə, ölkəmdə qalmağa üstünlük verərdim. Çünki bu nailiyyətdən sonra Azərbaycanda mini-futbolun inkişaf prosesi daha da sürətlənəcək".