Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev Millətlər Liqasının 4-cü turunda sabah Azərbaycanla keçirəcəkləri matçdan öncə mətbuat konfransı təşkil edib:

- Bakıya hansı əzmlə, hansı istəklə gəlmisiz?

- Bütün oyunlara eyni istəklə yanaşırıq. Hər oyunda istəyimiz eynidir. Bakıya da eyni istəklə gəlmişik.

- Sabah Azərbaycan millisinə qalib gələ bilərsiniz?

- Bir neçə gün əvvəl Azərbaycanla oynamışdıq. Onları yaxşı tanıyırıq. Eyni səviyyədə olan komandalardır. Onsuzda qrupun digər komandaları da eyni gücdədirlər. Bu cür matçlarda oyunun taleyini kiçik epizodlar həll edir.

- Azərbaycanda həmyerliniz Aleksey Baqa çalışır. Onunla fikir mübadiləsi aparmışdınız?

- Onunla danışmaq imkanı var idi. Amma mən yox, köməkçilərim danışıb.

- Uğursuz nəticələrə görə Azərbaycanda həm Canni De Byazi, həm də milli tənqid edilir. Sizdə də vəziyyət eynidir?

- Elə bizdə də vəziyyət eynidir. Tənqid kifayət qədər çoxdur. Hərdən elə təəssürat yaranır ki, sanki mən Braziliya millisini çalışdırıram.

- Qrupdakı bütün komandalarla artıq qarşılaşmısınız. İlkin sıramalarını necə görürsüz?

- Sabah çox vacib oyun olacaq. Ümumiyyətlə, sabah çox həlledici turdur. Çünki ikinci dövrəyə başlayırıq. Hələ ki, heç nəyə aydınlıq gəlməyib.

- Sizi sovet dönəmindən yaxşı hücumçu kimi tanıyırıq. Bakı səfərlərini necə xatırlayırsınız? “Neftçi”də sizin üçün ən arzuolunmaz müdafiəçilər kimlər idi?

- Sizin yaxşı müdafiəçiləriniz var idi. Yaşar Vahabzadənin, Asim Xudiyevin adını çəkə bilərəm. Onlara qarşı oynamaq heç də asan olmayıb. Hətta bəzi futbolçularınızla dostluq münasibətlərim qalıb. Bu sırada İsgəndər Cavadovun adını çəkə bilərəm. Oyunlarımız çox yaxşı keçirdi. Azərbaycana səfər etmək hər zaman xoşdur.(qol.az)