"Milli komanda ilə bağlı danışmaqdan yorulmuşam. Nə deyim? Oyundan qabaq Qazaxıstan yığmasını udacaqlarını deyirdilər. Nə oldu? Gedib, uduzub qayıtdılar. Belarusla oyun daha çətin olacaq. Üstəlik səfərdə oynayacağıq. Onlara Azərbaycan kimi komanda lazımdır ki, xal alsınlar".
Bu sözləri Offsideplus.az-a açıqlamasında Azərbaycan millisinin sabiq oyunçusu Mahir Şükürov deyib. Veteran futbolçu yığmanın Millətlər Liqasında C liqasının 3-cü qrupunda sabah Belarusla keçirəcəyi matçdan müsbət heç nə gözləmədiyini, görüşün təmsilçimiz üçün çox çətin keçəcəyini söyləyib:
"Bu qrupun favoriti sözsüz ki, Slovakiya millisidir. Digər komandalar isə bir-birindən xal almağa çalışacaqlar. İlk oyunda Qazaxıstana məğlub olmağımız çox pis oldu. Belarusla görüş daha ağır olacaq. Bu matçda millimiz adına müsbət heç nə gözləmirəm. Ümumiyyətlə, əvvəldən demişəm ki, Azərbaycan yığması qrupdan çıxa bilməyəcək. Baş məşqçi De Byazi isə hər oyundan qabaq iddialı danışaraq "belə olacaq, elə olacaq", - deyir. Olmaz ki, bunu matçdan sonra söyləyəsən? Çayı keçməmiş, niyə "hop" deyirsən? Sonra da belə mənzərə yaranır. Ümumiyyətlə, günahı təkcə baş məşqçidə axtarmağın da tərəfdarı deyiləm. Bu məsələdə hamı günahkardır".
Şükürov söhbət əsnasında Qazaxıstanla oyundan sonra futbol ictimaiyyətinin bir sıra nümayəndələri, ələlxüsus AFFA-da çalışan futbol veteranları tərəfindən bu məğlubiyyət haqda tutarlı açıqlama verilmədiyindən şikayətlənib:
"Qazaxıstana uduzduq. Bu biabırçı məğlubiyyətdən sonra lazımı şəxslərdən kim çıxıb normal, tutarlı açıqlama verdi? İllərdir AFFA-da çalışan futbol veteranlarını nəzərdə tuturam. Hansı biri çıxıb cəsarətli fikir bildirdi? Açıqlama verənlər də həmişəki kimi şablon, diplomatik cavablar verdilər. Hər söz düşəndə deyirəm ki, AFFA köhnə kadrlardan təmizlənməli, yerinə bizim dövrün nümayəndələri gətirilməlidir. Futbolun inkişafını istəyiriksə, bu addım atılmalıdır. 500-1000 manat pula görə həqiqətləri görməzdən gəlirsənsə, onda hansı inkişafdan danışa bilərik?".
Millinin sabiq "4" nömrəsi bu yaxınlarda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun ölkə futbolunun durumu ilə bağlı səsləndirdiyi fikirlərin onda xoş təəssürat yaratdığını da deyib:
"Mənə maraqlı gələn nədir, bilirsinizmi? Sanki ölkədə iki-üç nəfərdən başqa futbolçu olmayıb. Nə vaxt baxırsan, ya mən danışıram, ya Vaqif Cavadov, ya da üçüncü biri. Bizdən başqa danışmağa adam yoxdur?! Ona görə də sözün düzünü deyəndə biz oluruq pis, məsələnin üzərindən heç nə olmamış kimi keçənlər isə yaxşı. Amma Qurban Qurbanovun bugünlərdə səsləndirdiyi fikirlər çox xoşuma gəldi. Düşünürəm ki, onun ölkə futbolunun mövcud durumuyla bağlı dedikləri nəinki mənim, bir çoxlarının ürəyincə oldu. Açığı, Qurban Qurbanovdan belə bir çıxışı çoxdan gözləyirdim. Deyərdim ki, onun bu fikirləri bizə bir növ təkan oldu. Yəni meydanda tək deyilik. Azərbaycan futbolunun ağır sütunlarından birinin dilə gəlməsi, həqiqətləri söyləməsi mən və mənim kimi danışanlar üçün üçün böyük təkandır".
Daşqın Əziz