Dünən keçirilən "Qarabağ" - "Neftçi" matçı (4:1) ilə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünə yekun vuruldu.
Mövsümün sonunda "Zirə" də medalçılardan oldu. Rəşad Sadıqovun yetirmələri çempionatın bürünc medallarını boynundan asdı. Bununla da "qartallar" Azərbaycanı UEFA Avropa Konfrans Liqasında təmsil etmək hüququna yiyələndi.
Həm üçüncülük, həm də qarşıdan gələn Avropa sərgüzəştləri ilə bağlı "Zirə"nin legioneri Dimitrios Çantakiasın fikirlərini öyrəndik. Offsideplus.az-a danışan 27 yaşlı yunan müdafiəçi mövsümü belə dəyərləndirdi:
"Hələ bizim üçün mövsüm bitməyib. Qarşıda daha bir vacib oyunumuz var (27 mayda "Qarabağ"la keçiriləcək kubok finalı - red.). Avrokuboklara vəsiqə qazandığımız üçün sevincliyik. Göstərdiyimiz oyunla çempionatı daha da yaxşı pillədə bitirə bilərdik".
O, komandasının Konfrans Liqası ilə bağlı gözləntilərindən də danışdı:
"Gələcəklə bağlı öncədən danışmağı sevmirəm. Bizi çətin oyunların gözlədiyini bilirik. Çox yaxşı baş məşqçi və kollektivə sahibik. Ümid edirik ki, özümüzü avrokubok oyunlarında da təsdiqləyəcəyik. Söz verirəm ki, əlimizdən gələnin ən yaxşısını edəcəyik".
Xatırladaq ki, "Qarabağ" klubu dünən bitən mövsümü çempionluqla başa vurub. "Neftçi" ikinci, "Zirə" üçüncü olub. "4-lüy"ü isə Elmar Baxşıyevin rəhbərlik etdiyi "Qəbələ" qapayıb.
Daşqın Əziz