"Rəqibdən üstün oynadıq. Kifayət qədər epizodlarımız oldu. Sadəcə, son nöqtəni qoymaq üçün ustalıq çatmadı".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın XXIV tur matçından sonra deyib.
41 yaşlı mütəxəssis ilk dəqiqələrdən rəqibi təzyiq altında saxlamağa çalışdıqlarını bildirib: "Planımız böyük ölçüdə alındı. İkinci hissədə rəqib azlıqda qaldıqdan və hesabı açdıqdan sonra belə, oyundan qopmadıq. Hətta qol da vurduq. Düşünürəm ki, təmiz qol idi. Təkrara baxdıqdan sonra bir daha əmin olduq".
O, görüşün baş hakimi Rəvan Həmzəzadənin idarəçiliyindən narazılığını dilə gətirib: "Oyunun tempini daha çox referi aşağı salırdı. Halbuki buna ehtiyac yox idi. Rəqin son çempion idi. Bəzi qərarlarını anlamadıq. Rəqib qapıçı oyunu kifayət qədər gecikdirirdi. Biz əks-hücuma keçəndə matçı saxlayıb, sarı vərəqə göstərirdi. Bir sözlə, rəqibə azlıqda olduğunu hiss etdirmədi".
Hacıyev komandasının çıxışından razı qaldığını vurğulayıb: "Rəqibdən geri qalmasaq da, ustalıq səviyyəmiz aşağı idi. Məğlub olmamalıydıq. Düşünürəm ki, "Neftçi" özü də 3 xal qazanacağını gözləmirdi. Qarşıdakı matçlara baxacaq, layiqli mübarizə aparmağa çalışacağıq. Rəqibi qələbə münasibətilə təbrik edirəm".(report.az)