Ötən gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 50 yaşı tamam olub.
Azərbaycanın Əməkdar məşqçisini yubileyi münasibəti ilə təbrik edənlər siyahısında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev də olub.
Bu barədə Offsideplus.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
PFL-in sözçüsü Aslan Şahgəldiyev bildirib ki, Qurbanov ilə Musayevin görüşü dünən AFFA-nın inzibati binasında baş tutub. PFL-in prezidenti yubilyara hədiyyə bəxş edib. Lakin hədiyyənin nə olduğu açıqlanmayıb.
Qeyd edək ki, 50-ci yaş günündə Qurban Qurbanov ölkə prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.
Xatırladaq ki, Qurban Qurbanov 13 aprel 1972-ci il tarixində Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.
Futbolçu karyerası ərzində 4 dəfə Azərbaycan Premyer Liqasının, 1 dəfə Azərbaycan Kubokunun qalibi, 1 dəfə ölkə çempionatının bombardiri olub.
1992 - 2005-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Yığmanın bombardiridir. 2017-2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olub.
2008-ci ildən "Qarabağ" klubunun baş məşqçisidir.
Onun rəhbərliyi dövründə "Qarabağ" 7 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub. Ağdam komandası daha böyük uğurlarına isə avrokuboklarda imza atıb. "Köhlən atlar" 2014/2015 mövsümündən etibarən 6 dəfə Avropa Liqasının, həmçinin, Çempionlar Liqası və Konfrans Liqasının qrup mərhələsinə yüksəlib. 2021/2022 mövsümündə isə klub tarixində ilk dəfə qrup mərhələsini dəf edərək, Konfrans Liqasının pley-offuna vəsiqə qazanıb.
Daşqın Əziz