Xəbər verdiyimiz kimi, "Keşlə"nin adı dəyişdirilərək "Şamaxı" adlandırıldı. Artıq aprelin 9-da yerli komanda "Neftçi"ni qəbul edəcək.
Oyunla bağlı hər hansı bir tədbirin keçirilməsi gözlənilirmi?
Bu məsələ haqda Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəhbəri Elgiz Abbasovla əlaqə saxladıq.
Abbasov Offsideplus.az-a açıqlamasında bunları dedi: "Peşəkar Futbol Liqası olaraq son 1 ayda 2 dəfə Şamaxı şəhər stadionuna səfər etmişik. Sevindirici haldır ki, tarixi əhəmiyyətə malik bölgəmizdə belə bir standartlara cavab verən stadion var. Ümumi infrastruktur baxımından Şamaxı şəhə stadionunu öncüllərdən hesab edə bilərik. Dünən “Şamaxı” klubunun nümayəndələri və yerli ictimaiyyətlə görüşdə bir daha aydın oldu ki, şəhərdə futbola maraq var. Açılış mərasimi ilə bağlı klubla şifahi danışığımız olub. Açılış mərasimi təşkil edib-etməmək birbaşa klubun ixtiyarındadır. Əgər bizə rəsmi müraciət olunub, ssenari təqdim olunsa bununla bağlı biz də öz mövqeyimizi ortaya qoya bilərik. Qonaqlar baxımından danışsaq, Peşəkar Futbol Liqası Şamaxıdakı açılış oyununda rəhbərlik səviyyəsində təmsil olunmağı planlaşdırıb".
Cavid Əliyev