“Yarış bizim üçün yaxşı keçdi. Rafiq güləşin bu növündə ilk 3 qat Avropa çempionumuz oldu.
Offsideplus.az xəbər verir ki, bu sözləri Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Mən isə yunan-Roma güləşində ən çox AÇ medalı qazanan idmançı oldum. 6-cı dəfə Avropa çempionatında medal qazandım. Rekordlarla dolu bir yarış oldu. Bunun ardını gətirmək lazımdır. Arxayınlaşmaq olmaz. Bizi qarşıda İslam Həmrəyliyi Oyunları və Bakıda keçiriləcək Dünya Kuboku kimi mötəbər yarışlar gözləyir. Gələn il isə Olimpiadaya lisenziya xarakteri daşıyan dünya çempionatı keçiriləcək. Sevindirici haldır ki, artıq komandada gənc idmançılar da sözünü deməyə başlayır. Son 3 ildə yarımfinallarda məğlub olurdum. Bunun hansısa xüsusi səbəbi yox idi. Qismət beləymiş. Allaha həmd olsun, bu il həm yarımfinalda, həm də finalda qalib oldum. Bir şeyi də qeyd edim ki, 23 illik karyeram boyunca gümüş medalım olmayıb. Ya çempion olmuşam, ya da bürünc medal qazanmışam. Bu ənənə davam edir”.