"Sanki üzərimizdə lənət var".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Sabah"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis oyuna ciddi hazırlaşdıqlarını bildirib: "Futbolçular məşqlərdə istəkli idilər. Oyunda da sonadək mübarizə apardılar. Əslində danışılası elə bir şey yoxdur. "Sabah"la xal fərqinin açılmaması üçün bu görüş vacib idi. Təəssüf ki, uduzduq. Amma qarşıda oyunlar var. Həmin matçlara köklənəcəyik".
O, Bakıdan pis təəssüratla ayrıldıqlarını söyləyib: "Bu, "ASK Arena"da son oyunumuz idi. Doğma stadionla belə vidalaşmaq istəməzdik. Ümid edək ki, "Şamaxı" adı bizim üçün düşərli olar. Ən azından qol vurarıq. Epizodları dəyərləndirə bilmirik".
Baş məşqçi Şamaxıya ev oyunlarından 1 gün öncə gedəcəklərini vurğulayıb: "Hələlik belə məskunlaşacağıq. Şamaxı Olimpiya Kompleksində qalacağıq. Ondan sonra bizə ətraflı məlumat veriləcək. Oraya gedib baxmağı planlaşdırırıq. Amma rəhbərlikdən gedən olub. Bilirsiniz ki, meydança yenidir. Məşq etməyə ehtiyac var. Qalacağımız yerə də baxıblar. Hər şey qaydasındadır".
Qurbanov bu il ilk dəfə meydana çıxan Amil Yunanovun çıxışına da toxunub: "O, inandığımız futbolçudur. Məşqləri buraxmır, hazırlaşır. Bu gün şans qazandı. Yaxşı olardı ki, qol vursun. Amma meydanda hərəkətli idi. Qol epizodları yaratmağa çalışırdı".(https://report.az)