Beynəlxalq Cüdo Federasiyasının (IJF) sabah start götürəcək Tel-Əviv “Böyük Dəbilqə” turnirinə həsr etdiyi və rəsmi saytında dərc etdiyi “Emosional Təhsilimizin Səxavəti” adlı məqaləsində kişilərdən ibarət milli yığma komandamızın kapitanı Rüstəm Orucov haqqında fikirlər də yer alıb.
Offsideplus.az xəbər verir ki, məqalənin müəllifi Co Krouli qeyd edib ki, Rüstəm son dərəcə peşəkar, yarış zamanı şübhələrini və mübarizələrini həmişə nəzarət altında saxlaya bilən idmançıdır: “O, yalnız qalib gələrkən üz cizgilərində məmnuniyyət hissini açıq şəkildə görmək olur”.
Kapitanımızın çox alicənab bir şəxs olduğu da vurğulanaraq bildirilir ki, o, qalibiyyət zamanı öz hisslərini bölüşmək istəyir, lakin kimsə uğursuzluqla qarşılaşdığı halda hadisə yerində hamıdan öncə məhz özü olmaq istəyir: “Məhz bu bir daha sübut edir ki, Rüstəm Orucov cüdonun vacib dəyərlərindən birin olan “Jita-Kyoei”* prinsipinə sadiqdir və bu da öz növbəsində digər gənc idmançılar üçün örnəkdir”.
Rüstəmin cüdo dəyərlərinin səfiri kimi qeyd edildiyi məqalədə onun bu cəhətinin tatami üzərində daha da aydın göründüyü bildirilir: “Orucov hər zaman özünü əsl peşəkar kimi idarə edə bilən və ətrafındakı hər kəsin qayğısına qalmağı çox yaxşı bacaran, eyni zamanda sözün əsl mənasında emosiyalarını idarə edə bilən nəhəng idmançıdır”.
Məqalə müəllifi Rüstəm haqqında fikirlərini “Rüstəm Orucov gələcək nəsillər üçün nümunədir!” cümləsi ilə yekunlaşdırır.
Jita-Kyoei – Cüdonun yaradıcısı Ciqaro Kanonun tədris zamanı əsas tutduğu prinsiplərdən biridir. Bu prinsip özündə harmoniya və əməkdaşlığı ehtiva edir, özü və digərləri üçün qarşılıqlı faydanı nəzərdə tutur.