Mediada “Neftçi”nin əsas futbolçusu Sabir Buqrini qış fasiləsində satacağı ilə bağlı xəbərlər dolaşır.

Offsideplus.az-ın məlumatına görə, klub da yarımmüdafiəçi üçün rəsmi təkliflərin olduğunu bildirir. Hazırkı məqamda ən vacib oyunçunun satılması doğru addımdı?

Maraq üçün qeyd edək ki, belçikalı futbolçu sabiq idman direktoru Ceyhun Sultanovun dönəmində komandaya qoşulmuşdu. Futbol funksionerindən Buqrinin göndərilməsi prosesi ilə bağlı fikirlərini öyrəndik. Ceyhun Sultanovdan yarımmüdafiəçinin “Neftçi” ilə müqaviləsinin şərtlərini, “ağ-qaralar”ın bu prosesdən xeyirli çıxıb-çıxmayacağını soruşduq. Onun məsələ ilə bağlı fikirləri belə oldu:

“Bəli, Sabir Buqrin mənim işlədiyim dönəmdə transfer olunub. İndi onun müqaviləsinin şərtlərini demək düzgün və qanuna uyğun deyil. Sadəcə, bunu qeyd edə bilərəm ki, çox aşağı maaşa “Neftçi”də futbol oynayırdı. 2 illik rəsmi müqavilə imzalanmışdı. Sazişinin müddətinin bitməsinə 6 ay qalıb. İndi “Neftçi”nin Sabir Buqrini satmaq istəməsi normal haldır. Onun yeni müqavilə imzalamırsansa, 6 aydan sonra futbolçu gedəcəksə, təbii ki, yarımmüdafiəçi satıb, pul qazanmaq istənilməsi düzgün işdir. Təbii ki, Sabir Buqrin yaxşı oyunçudu. “Neftçi”də əla çıxış etdi. Amma onun özünün xəyalları var. Daha da irəli getmək istəyir. İstəyir ki, yaxşı klubda çıxış etsin. Deməzdim ki, “Neftçi” pisdi. Mənə görə Azərbaycan ən yaxşı klublarından biridir. Amma bu da bəllidi ki, hər bir oyunçu pula görə futbol oynayır. Buqrin də maliyyəni düşünüb, getmək istəyir. Düşünürəm ki, “Neftçi” rəhbərliyi düzgün addım atıb”.

CAHANDAR