“Fasilə öncəsi son qarşılaşma olduğundan, qələbə bizim üçün çox önəmli idi”.
Offsideplus.az xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XIV turunda Sumqayıtda eyniadlı komandanı 3:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
41 yaşlı mütəxəssis qarşılaşmadan sonrakı mətbuat konfransında artıq mövsümün ikinci yarısı barədə düşünəcəklərini söyləyib: “Kubokda da çox əziyyət çəkmişdik, bu gün də xeyli güc sərf etdik. İstirahətə yollanırıq, daha sonra ikinci yarıya hazırlaşacağıq”.
- Qış fasiləsində heyətdə çox islahat olacaq? Təlim-məşq toplanışını Azərbaycanda keçəcəksiniz?
- Mütləq olacaq. Çünki istədiyimiz yerlərdə deyilik. Toplanış planı haqda hələ konkret fikir bildirə bilmirəm. Bir neçə futbolçu ilə yollarımızı ayıracağıq. Oyunçu axtarırıq. Ancaq qışda yeni futbolçu tapmaq çətindir.
- Con Kamara, Nicat Qurbanov və Anatole Abanqla yolların ayrılması barədə qərar qəbul olunub?
- Belə söhbət olub. Abanqın çoxlu qırmızı vərəqə alması bizi bu addıma vadar etdi.
- Rəhman Hacıyevi saxlayacaqsınız?
- Rəhman bizə lazımlı futbolçudur. O, “Neftçi”yə məxsusdur. Ancaq komandada saxlamağa çalışacağıq. Məlum açıqlaması ilə bağlı da söhbət etmişik. Özü komandada qalmaq istəyir.
Mənbə: apasport.az