Mövsümün sonunda "Qəbələ"dən ayrılan Elvin Məmmədov Qol.az-a müsahibə verib.

Offsideplus.az həmin müsahibəni təqdim edir:

- "Qəbələ"dən ayrılmağın dəqiqləşdi?

- Bəli, müqaviləm başa çatdı və komandadan ayrıldım.

- Yeni sözləşmə təklif etmədilər?

- Xeyr, ümumiyyətlə heç söhbətimiz də olmadı. Klubdan heç kim - nə Sənan Qurbanov, nə də rəhbərlik mənimlə əlaqə saxladı.

- Özün necə, "Qəbələ"də qalmaq istəyərdin?

 

- Yenə deyirəm, heç kim bu barədə mənim fikrimi soruşmadı. Digər tərəfdən, büdcədə azalma oldu. Bilirsiniz ki, bəzi legionerlər komandadan getdilər. Yəni, o pula "Qəbələ"də ehtiyatda qalmaqdansa, başqa klubda daim oynamaq daha yaxşıdır. Çünki qalsam belə, oynayıb-oynamayacağımı bilmirəm.

- Roman Qriqorçukun vaxtında əsas heyətdə nadir hallarda meydana çıxırdın. Ukraynalı mütəxəssisin gedişini necə qarşıladın?

- Bəlkə də fikrimi başqa cür yozacaqlar. "Qəbələ" Qriqorçukdan canını qurtardı. Bunu deməklə kiminsə haqqına girmirəm, olanı deyirəm. Çox futbolçu buna səsini çıxarmaq istəyirdi, amma çıxara bilmirdi. Çünki müqavilələri var idi. Danışan kimi onları əvəzedici komandaya göndərirdi. Qriqorçuk yerlilərin qənimi idi. Məşqçiliyinə heç nə deyə bilmərəm, amma insanlığı yox idi.

- Bəs sən bunlara görə Qriqorçuka etirazını bildirirdinmi?

- Yox, çünki mümkün deyildi. Klubda hər şeyi əlinə almışdı. Arxasında rəhbərliyin dəstəyini hiss edirdi deyə, istədiyini edirdi. Etiraz etmək də olmurdu. Çünki nəsə deyən kimi pulumuzu kəsib, əvəzediciyə göndərirdi. "Qəbələ"də öz bildiyini edirdi. Ona görə də heç kim dillənə bilmirdi.

- Artıq komandanın baş məşqçisi Sənan Qurbanovdur. Səncə, gənc məşqçi nəyisə dəyişə biləcək?

- Dəqiq bir söz deyə bilmərəm. Bəlkə sistemi dəyişsə, nəsə alınar. Bir dəfə "Qəbələ"nin baş məşqçisi işləyib. Gəncdir, düşünürəm ki, özünü yaxşı tərəfdən göstərə bilər. Büdcəni azaldıblar, Avropada irəli getmək çətin olacaq. Bəlkə çempionatda nəsə edə.

- Adın Premyer Liqaya yenicə gələn "Sabah"la yanaşı hallanır. Hətta anlaşdığınız da bildirilir. Məlumat nə dərəcədə doğrudur?

- Belə bir söhbət var, arada danışıq olub. Amma razılıq hələ yoxdur. Yaxın günlərdə hər şey bilinəcək.

- Başqa təkliflərin var?

- Real olaraq, heç bir təklifim yoxdur. Sadəcə, "Sabah" variantıdır.