UEFA DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin qrup matçlarından sonra statistik göstəriciləri açıqlayıb.

Offsideplus.az ali qurumun saytına istinadən xəbər verir ki, A qrupunda 1 xalla sonuncu olan Azərbaycan yığması bir sıra göstəricilərdə ən zəiflər sırasında yer alıb. Millimiz seçmə mərhələdə qələbə qazana bilməyən 6 komandadan biridir. Qələbəyə həsrət qalan digər yığmalar Qazaxıstan, San Marino, Cəbəllütariq, Moldova və Lixtenşteyndir.

 

Canni De Byazinin yetirmələri 5 komandalı qruplarda ən çox uduzan üç yığmadan biri olub. Millimiz Belarus və Litva ilə birlikdə,  8 qarşılaşmanın 7-də meydanı məğlub tərk edib. 55 ölkədən təkcə Cəbəllütariq və San Marino bütün matçlarda uduzub. Azərbaycan, Moldova və Lixtenşteyn isə 1 oyunda heç- heçə edib.
 
Seçmə mərhələni 5 qolla tamamlayan yığmamız ən məhsuldar 50-ci komandadır. Futbolçularımız yalnız San Marino (1 qol), Lixtenşteyn (2), Litva (4), Kipr (4) və Cəbəllütariqi (4) qabaqlayır.
 
Millimizi qapıya dəqiq zərbə sayında da ən zəiflər sırasındadır. Yığmamız 17 zərbə yerinə yetirib. Təkcə, San Marino (8), Lixtenşteyn (9) və Cəbəllütariq (10) bizdən az qol şansı yaradıb.