Yoldaşlıq oyununda yığmamızla 2:2 hesablı heç-heçəyə razılaşan Qətər millisinin baş məşqçisi Feliks Sançes matçdan sonra mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis görüşlə bağlı bunları deyib:
“Bizi qarşıda dünya çempionatı gözləyir. Oyunçuların hər biri ora yaxşı vəziyyətdə yollanmaq istəyir. Bu səbəbdən hər matçda sona qədər mübarizə aparırıq. Həmçinin bu gün də belə oldu”.
- Azərbaycan millisində əvvəlki oyunla müqayisədə hansı dəyişikliklər gördünüz?
- Oxşar oyun oldu. Qalib gəlmək üçün oynadılar. Debretsendəki görüşdə daha səmərəli idik, şanslarımızdan istifadə etdik. Bu gün rəqib hücum futbolu oynamağa, qələbə qazanmağa çalışdı. Bu da maraqlı oyun ortaya çıxardı.
- Peşəkarlıqdan danışdınız. Topa əllə müdaxilə etmək nə dərəcədə peşəkarlıqdır?
- Bilmirəm niyə belə sual verirsiniz. Oyunçular matç zamanı mübarizə aparırlar. Bu kimi epizodların yaşanması da normaldı.
- Sizcə, yığmanızın heyətində bu günün ən yaxşısı kim idi?
- Meydançada hər bir oyunçunun rolu var. Kimisə fərqləndirmək istəməzdim. Amma ümumilikdə oyundan razı qaldım.
- Oyun sizin gözləntilərinizi qarşıladı?
- Bəli, Azərbaycan yığmasından da belə bir oyun gözləyirdik. Ümumi götürdükdə matçı idarə edə bildik. Bəzi dəqiqələrdə bir dominant olduq, bəzi dəqiqələrdə rəqib üstün idi. Ümumilikdə nəticə ədalətli oldu.
- Qətər yığması üçün Avropa turnesini necə dəyərləndirərdiz?
- Bizim üçün əla təcrübə oldu. Bəzi matçlar çətin oldu, güclü komandalarla, Avropanın top-komandaları ilə qarşılaşdıq. Ümumi götürdükdə dünya çempionatı üçün yaxşı hazırlıq oldu.