"İlk olaraq xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Bilirsiniz ki, "Qəbələ" təsadüfən ilk sıralarda qərarlaşmayıb. Yaxşı komandaya qarşı oynadıq. Bizim üçün çox çətin dönəm keçir. 5-6 futbolçumuz həm zədəli, həm cəzalıdır".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Səbail"in məşqçisi Vüqar Məmməd evdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis Yorgen Qocanın qırmızı vərəqə aldığı epizod barədə danışıb: "Epizodun təkrarına baxacağıq. Əgər futbolçumuzun günahı varsa, müzakirə edəcəyik, ölçü götürəcəyik".
O, gənc oyunçu Vidadi Cəfərovun perspektivli olduğunu sözlərinə əlavə edib: "Koronavirusa yoluxduğuna görə, 14 gün məşqdən uzaq qalmışdı. Buna görə də tam hazır deyildi. Amma yenə də qısa müddətdə çalışıb onu hazırladıq. Bu, ilk oyunu idi. Gənc futbolçudur və öz üzərində çox çalışır.
Vüqar Məmməd son olaraq baş məşqçi Aftandil Hacıyevə 5 oyunluq cəza verildiyini xatırladıb: "İntizam Komitəsi iki gün əvvəl cəza verib. Bu müddət ərzində tam olaraq oyuna köklənmişdik. Yəqin ki, bu həftə klubdaxili iclasda apelyasiya şikayəti məsələsi müzakirə olunacaq".
Mənbə: report.az