"Yeni iş yerimlə bağlı qərarı yaxın günlərdə verəcəyəm".
Offsideplus.az xəbər verir ki, bunu sportnet.az-a açıqlamasında "Qəbələ" klubunun sabiq baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis bir müddət gözləməyi məsləhət görüb:
"Yeni iş yerimin müəyyənləşməsi üçün bir müddət gözləmək lazımdır. Mən buna aydınlıq gətirdikdən sonra hamı da xəbər tutacaq. Azərbaycan Kubokunun finalınadək komandadakı taleyimlə bağlı heç bir açıqlama verməyəcəyimi demişdim. Final oyunundan sonra isə 3-4 gün ərzində qərar qəbul edəcəyimi bildirmişdim. İndi bu barədə danışmayacağam. Bir neçə gün gözləyin, hər şeyi biləcəksiniz".
Qarşıdakı günlər ərzində məsələnin həlli üzərində çalışacağını söyləyən yaxın gələcəkdə nələrin baş verəcəyini deməyi düzgün saymayıb:
"İndi mənə bunu demək çətindir. İrəlidə nəyin olduğunu tapmaq mənlik deyil. Sadəcə qarşıdakı günlər ərzində bu məsələ üzərində çalışacağıq. Amma nələr olacağını heç kim deyə bilməz. Təkliflərin haradan olduğuna dair sualı da cavablandıra bilmərəm. Hazırda bu istiqamətdə çalışıram. Belə məqamlarla bağlı hər hansı artıq söz demirəm. Hər şeyə aydınlıq gəldikdən sonra hamının xəbəri olacaq. Konkretlik olmadan, nəyə görə bu cür söhbətlər edək? Rəsmən açıqlama verildikdən sonra hər şey aydın olacaq. O zaman bizə nə isə danışmaq asan olacaq".
53 yaşlı mütəxəssis istefa verməsinə baxmayaraq, hələlik Bakıda olduğunu da açıqlayıb.
Qeyd edək ki, Roman Qriqorçuk mayın 28-də Azərbaycan Kubokunun final matçında "Keşlə"yə 0:1 hesablı məğlubiyyətdən sonra "Qəbələ"nin baş məşqçi postundan istefa verib.